“Xalqın ağlı və taleyi şəhərin ritmindən aydın görünür” –Niyazi 50 il əvvəl verdiyi MÜSAHİBƏDƏ Azərbaycanda nəyə etiraz edib?

“Ulduz” jurnalı 1972-ci ilin 11-ci sayında görkəmli dirijor və bəstəkar Niyazidən alınan müsahibəni dərc edib. Müsahibəni Vidadi Məmmədov götürüb.

Azpost.info müsahibəni təqdim edir:

Zəmanəmizin görkəmli dirijorlarından olan Niyazinin 60 yaşı tamam olur. Dünyada tanınan və sevilən bu sənətkarın Azərbaycan sovet musiqisinin yüksəlişində, geniş şöhrət qazanmasında böyük xidmətləri var. SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Niyazi həm də mahir bəstəkardır. 

– Dirijorluq sizi yormayıb ki?

– Bu suala cavab verməzdən əvvəl sizə bir sirr açım. Mən təsadüfdən dirijor olmuşam. Xüsusi dirijorluq təhsilim də yoxdu. Bir əsər yazmışdım, dirijorluq edən olmadı, dedim, özüm olaram. Mən sənətindən zövq almayan, sənətini işgəncə hesab edən adamları bədbəxt hesab edirəm. Hər dəfə məşqə gedəndə, səliqə ilə geyinirəm. Bu uzun illərdir ki, belə davam edir. Əgər yolda məni görən olsa, elə başa düşər ki, ya toya, ya da məclisə gedirəm. Çünki sənətim mənim üçün xoşbəxtlikdi, bayramdı. Allaha inanan qatı dindar kilsəyə hansı inamla gedirsə, mən də pultun arxasına o cür inamla gedirəm. Əgər hiss eləsəm ki, bu inam getdikcə azalır və görsəm ki, artıq dirijorluq məni yormağa başlayır, onda hər şeyə əlvida deyərəm. Bəli, dirijorluq mənim əbədi xoşbəxtliyimdir. Ancaq o zamanlar pulta getdiyim yol elə bil, bir qədər uzanır. Bu da ki, görünür, yaşla bağlıdı.

– Son dəfə dirijorluq etsəydiniz, nəyi çalmaq istərdiniz?

– “Koroğlu” operasının uvertürasını. Bu musiqidə coşqunluq, hər şeyi oyatmağa çağıran bir qüvvə ilə yanaşı, gizli vida da var. Bəlkə də elə buna görə, axırıncı dəfə uvertüranı çalmaq istərdim.

Yeri gəlmişkən, deyim ki, operanın son illərdəki tamaşaları məni narahat edir. Axırıncı dəfə tamaşada sonadək otura bilmədim. Uvertüranı elə çalırdılar ki, elə bil, bu dəqiqə qadınlar əl götürüb, “Uzundərə” oynayacaqdılar. Musiqinin ruhundakı əzəmət, cəngavərlik, mərdanəlik itib, yox olmuşdu. Çünki tempi yavaş götürmüşdülər. Bu da dirijorun günahıdı.

– Son zamanlar bizdə “Muğam operaları” ifadəsi işlədirlər. Sizcə, bu düzgündürmü?

– Bu, hələ dərdin yarısıdı. “Muğam operaları”nın, yəni “Leyli və Məcnun”un, “Əsli və Kərəm”in Musiqili Komediya Teatrına verilməsi haqqında da söhbət var. Məni narahat edən və düşündürən bircə şeydir: doğurdanmı, biz faciənin eyni pərdəsini iki dəfə oynamalıyıq? Axı bu söhbət bir dəfə olub, yığışıb. Hətta “Əsli Kərəm” – neçə Kərəm? deyənlər də tapılıb. Zaman özü bunun nə qədər çiy söhbət olduğunu sübut elədi. Mən inanmıram ki, başqa xalqlarda belə düşünənlər ola. Ukraynalıların “Zaparojyeli Dunay arxasında” adlı operaları var. Bu opera ümumi forması etibarı ilə “Leyli və Məcnun”dan o qədər də fərqlənmir. İndi gəlin, bir şeyi fikirləşək: hansı ukraynalının ağlına gələr desin ki, bu operanı Musiqili Komediya Teatrına verək.

– Son zamanlar simfonik konsertlərə az tamaşaçı gedir. Sizcə, bunun səbəbi nədi?

– Bu çətinlik ondan irəli gəlir ki, musiqinin təbliği sahəsində çox az iş görülür. Bu dəqiqə hamı giley edir ki, simfonik konsertlərə tamaşaçı gəlmir. Ancaq heç kəs özündən soruşmur: simfonik musiqinin yayılması üçün mən nə etmişəm? Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Zülfüqar Hacıbəyovun fəaliyyətini xatırlayın. Onların estetik tərbiyə sahəsində gördükləri iş bizə nümunə olmalıdır. Onlar rayonlara gedirdilər. Xalq musiqisini toplayırdılar, camaatla musiqi haqqında söhbətlər keçirirdilər. Bakıda müxtəlif orkestrlər təşkil edirdilər, məktəblərdə xor dərnəkləri aparırdılar, bir sözlə, iş görürdülər. Biz isə dünyanın ən ucqar ölkələrinə belə, məmnuniyyətlə gedirik. Amma qulağımızın dibindəki rayonlardan xəbərimiz yoxdur. Mənə elə gəlir ki, institutlarda, texnikumlarda, müxtəlif müəssisələrdə mühazirə-konsertlər vermək böyük fayda verə bilər. Söz sözü gətirmişkən, acınacaqlı bir faktı qeyd eləyim: son vaxtlar estrada orkestrləri yağışdan sonra çıxan göbələklər kimi durmadan artır. “Bitls”lar gitara ilə anlaşılmaz hay-küy salır. Qəribə burasıdır ki, hələ müsabiqələrdə onlara birinci yer də verilir. Onların heç bir ölçüyə sığmayan bayağı hərəkətləri məni əsəbiləşdirir. Bu müsabiqələr musiqi yarışı deyil, eybəcərlik yarışıdır. Qabaqlar bütün institutlarda gözəl nəfəsli orkestrlər, xor kollektivləri vardır. ASİ-nin simfonik orkestri mənim indi də yadımdan çıxmayıb. Orkestrin heyətinə orkestrin müəllimləri və tələbələri daxil idi. Başqa institutlar da belə. Kinoteatrlarda yaxşı musiqiçilər vardı. Bunlar da musiqinin təbliğinə kömək edirdi. İndi isə vəziyyət dəyişib: elə götürək “Nizami” kinoteatrını. Bir soruşan gərək, niyə respublikamızın ən böyük kinoteatrında xalq çalğı alətləri orkestri olmasın? Onu da deməliyəm ki, bu kinoteatrın adından başqa heç nəyi Azərbaycanla bağlı deyil. Belə bir kinoteatr Voronejdə də ola bilərdi. Kaluqada da, halbuki daxili atmosferindən kinoteatrın hansı xalqa, hansı torpağa mənsub olduğu hiss edilməlidi.

Ümumiyyətlə, musiqimizin inkişafına, onun xalq arasında geniş yayılmasına mane olan səbəblərdən biri də ifaçılıq mədəniyyətindəki nöqsanlardı. Mən dünyanın çox ölkələrində olmuşam, hər yerdə Azərbaycan musiqisinə böyük rəğbət, maraq hiss eləmişəm. Ancaq bizim bəzi ifaçılarımız yad xallar, yad hərəkətlərlə ifaçılıqlarını “zənginləşdirirlər”. Belə ifaçı adicə bir həqiqəti unudur ki, bu hərəkəti ilə o, həmin xalqın musiqisi önündə diz çökmüş olur. Özü də ehtiyac olmadan. Mənim fikrimcə, vəziyyətin belə şəkil almasında əsas günah radio və televiziyanın üzərinə düşür. Yaxud başqa məsələ. Deyək ki, konsert verilir. Ancaq nə qədər diqqətlə qulaq asırsansa, kanonun səsini eşidə bilmirsən. Çünki nağara qoymur ki, kanonun səsi eşidilsin. Mən kanon çalan qızı tanıyıram. Çox şövqlə çalır. Ancaq o bilməlidi ki, çaldığını heç kəs eşitmir. Bu, bəyəm, adamı narahat etməz? Darıxdırmaz? Bir dəfə görməmişəm ki, xalq çalğı alətləri orkestri təşkil edəndə, məsləhət eləyən ola. Guya hamı hər şeyi bilir. Nəticəsi də belə olur. Mən fortepianonun da ancaq fortepiano kimi çalınmasının tərəfdarıyam. Orkestrlərdə onu eləyiblər qarmon. Qarmon kimi çalırlar. Bax, belə şeylərə dözmək olmur.

– Gənc bəstəkarlardan hansının gələcəyinə daha çox ümid edirsiniz?

– Mən gənclərimizin istedadı, qabiliyyətləri barədə nikbin fikirdəyəm. Ancaq onların işgüzarlığı barədə müsbət söz deməkdə çətinlik çəkirəm. Cavan bəstəkarlarımız iri janrlara-opera və balet yazmağa maraq göstərmirlər. Bu ciddi söhbət və müzakirə mövzusu olmalıdı. Doğrudu, mahnı janrı bəstəkarın məşhurlaşmasına, tanınmasına kömək edir. Ancaq gərək onu da unutmayaq ki, dövrümüzün əzəməti hiss olunan sanballı əsər yazmaq bizim qarşımızda ən vacib vəzifədi. Bu işdə gənclərimiz öz sözlərini deməlidirlər. Gənclik gərək istedadının qeydinə qala, müvəqqəti şöhrətə uymaya. Bir sözlə, qolunu çırmayıb, möhkəmcə işə girişə. Mənə ən çox mahnıların sözləri təsir edir. Adı dəqiq yadımda deyil. Şerinin bir bəndi beləydi:

Sandıq üstə üzüm var,

Giləsində gözüm var.

İki qardaş bir boyda,

Kiçiyində gözüm var.

Mən həmişə bu mahnını təhrif edib, oxuyardım. “Böyüyündə gözüm var”. Çünki, kiçiyi deyəndə, elə bilirdim ki, Çingizi deyir (Niyazinin qardaşı tanınmış dirijor Çingiz Hacıbəyov).

Mahnı gərək hər cəhətdən gözəl olsun. Təravəti, nəcibliyi, lətifliyi olsun. Ondan ana torpağın qoxusu gəlsin. Bu cəhətdən “Aman ovçu” mahnısının dinləməkdən doymuram. Bir də ki, hər əhval-ruhiyyənin öz mahnısı var.

 

– Siz dünyanın bir çox ölkələrində olmusunuz. Onlardan hansınasa yenidən qayıtmaq istərdiniz?

– Getdiyim elə ölkə olmayıb ki, oradan dostsuz qayıdım. Olduğum bütün ölkələrdə mənim yaxşı dostlarım var. Onların hamısını görmək istəyərdim. Ölkələrin birini seçməkdə çətinlik çəkirəm. Bir çox sahələrlə müəyyən xatirələrim bağlıdı. Qəribə şəhərlərdi: hərəsi bir cəhəti ilə yadımda qalır. Praqa elə bil, küçəyə çıxarılmış muzeydi. Buxarestdə hamı skripka çalır. Parisi uşaqlıqdan sevirik. Bu şəhəri görəndə, elə bildim ki, buraya gəlişim birinci dəfə deyil. Nə zamansa Parisi görmüşəm. Bu yəqin ki oxuduğum kitabların təsiri idi. Mən bütün bu şəhərlərdə bir şeyi müşahidə etmişəm – xalqın ağlı, psixologiyası, hətta taleyi belə şəhərin ritmindən aydın duyulur. Hələ İstanbul. Qədimliyi və əzəməti ilə adamı heyrətə salan bu gözəl şəhər. Onun haqqında Türkiyədə deyilmiş bir söz yadıma düşdü: “İstanbulu iki adam fəth eləyib. Bir Sultan Fateh, bir də Maestro Niyazi”.

– Səfərlərdə adam bəzən məzəli əhvalatlarla rastlaşır. Bəlkə belə bir əhvalat danışasınız.

– Bir gün İstanbulda orkestrlə məşq edirdim. Bu əsnada solistlər içəri girdi ki, bəs maestro, bizlə nə vaxt məşq edəcəksiniz? Dedim: sizdən axırda məşq edəcəyəm. Gördüm, onlar tutuldular. Soruşdular maestro, qüsurumuz nədir ki, belə qəzəbləndiniz?  Dedim, qəzəblənmək niyə? Siznən axırda məşq edəcəyəm. Haçandan-haçana məlum oldu ki, türklərdə “axır” sözü yoxdu. Onlar “son” deyirlər. “Axır” sözü isə “axur” kimi başa düşülür. Xeyli gülüşdük. Belə hadisə heç jurnalistlərin gözündən yayınar? Elə səhəri türk qəzetləri yazdı ki, Maestro Niyazi bizim solistləri axura göndərib.

– Ən çox nədən darıxırsınız?

– Hərdən zəif əsərlər çalmalı oluram. Bu məni darıxdırır. Bir də musiqi nailiyyətlərimizin şişirdilməsinə dözə bilmirəm.

– Niyazi müəllim, bu sualdan ötrü özümü saxlaya bilmirəm. Əgər yersiz görünürsə, üzr istəyirəm. Sizcə, bəstəkar böyükdü, yoxsa dirijor?

– Mən saxta təvazökarlığı xoşlayan adam deyiləm. Bir bəstəkar kimi özümə istedadsız deyə bilmərəm. Bethoven deyir ki, bəstəkarlıq zəhmət deməkdi. Bu zəhməti bəstəkarlığa sərf etməyə mənim imkanım az olub. Hamı istəyib ki, əsərini mən çalım, mən də imtina eləməmişəm. Bilmirəm, cavabım sizə aydın oldumu?

Mən görkəmli bəstəkar Cövdət Hacıyevin bu haqda dediyi bir fikri xatırladım: “Niyazi özünü bizim əsərlərimizi çalmağa sərf etməsəydi, indi kim bilir, bir bəstəkar kimi bizdən nə qədər yuxarıdaydı”.

– Bildiyimiz kimi, jurnalımız gənclik məcmuəsidi. Siz onun oxucularına nə tövsiyə edərdiniz?

– Hər bir gənc Vətənini böyük məhəbbətlə sevməlidi. Vətən sevgisi isə xalqın maddi, mədəni sərvətlərini duymaq, onun qədrini bilməkdən yaranır. Bu yaxınlarda acınacaqlı bir hadisəyə rast gəldim. Mən gənclərimizi belə görmək istəməzdim. Bir idarəyə getmişdim. Gördüm ki, bir neçə gənci nalayiq hərəkətləri üstə danlayırlar. Soruşdum, nə olub? Hadisəni mənə danışdılar. Dedim, siz dayanın, bunları mən tənbeh edəcəyəm. Yaxınlaşıb, soruşdum ki, a bala, “Leyli və Məcnun”a getmisiniz? Dedilər, yox. “Koroğlu” dastanından xəbəriniz var? Dedilər, yox. “Dədə Qorqud”u oxumusunuz? Dedilər, yox. Dedim, daha bunları bura niyə gətirmirsiniz? Bu yazıqlar ki, şikəstdi. Bir adamın ki, “Leyli və Məcnun”dan, “Koroğlu”dan, “Dədə Qorqud”dan xəbəri olmadı, o, hətta şikəsti də döyə bilər. Onda mərdanəlik, nəciblik haradan yaranacaq? Mən gənclərimizi tərbiyəli, mərifətli, ağıllı görmək istəyirəm. İnanıram ki, yuxarıda dediyim gənclər bizim cavanlarımızın çox cüzi hissəsini təşkil edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Omicron” ştamı Azərbaycana da gələcək” –

Sonrakı məqalə

“Məhsula istədiyi qiyməti qoyan monopolistlərin arzularını puç etmişik” –