Xankəndidəki oyunu Vətən müharibəsi, “Qisas” əməliyyatı və antiterror tədbirlərinin iştirakçıları da izləyib

“Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasından əvvəl Prezident İlham Əliyev çıxışında dedi ki, “Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır”. Prezident hər zaman olduğu kimi, Azərbaycan xalqını daha sıx birləşməyə və uğurlu nailiyyətlər əldə etməyə sövq edir. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Bu sözlərin ən önəmli yeri də məhz Prezidentin çıxış etdiyi tribunanın yaxınlığında şəhid övladlarının, şəhid analarının, şəhid ailələrinin olması idi. Dövlət başçımızın dediyi kimi, oyunun nəticəsindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Həmin gün “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyırdı”.

Bunu “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.

Diqqətə çatdırılıb ki, məhz Xankəndinin və onun ətraf rayonlarının Prezidentin sadaladığı kimi 24 saat ərzində Xocalı, Xocavənd, Əsgəran, Ağdərə və digər şəhərlərin işğaldan azad olunması məhz postmüharibə dövründə ordu quruculuğunun ən bariz nəticəsidir: “Qarabağ”-MOİK futbol komandalarının 1/8 finalını izləyən azarkeşlərin arasında Vətən müharibəsi, “Qisas” əməliyyatı və lokal antiterror tədbirlərinin iştirakçıları da vardı. Bütün tədbir ərəfəsində həmin ailələrlə, qazi heyəti ilə Prezident şəxsən maraqlanaraq görüşdü. Prezidentin stadiona daxil olarkən onun əzəmətlə alqışlanması insanların xalqın Prezidentə olan sevgisinin bariz nümunəsi idi.

Prezidentin bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacağını elan etməsi ilə bağlı yerli azarkeşlərə və qonaqlara müjdə verdi. Bu da Qarabağımızın yenidən bərpası, inkişaf etməsi və burada bütün infrastrukturun yenidən müasir standartlara uyğun yaradılması ilə yekunlaşacaq bir tədbir kimi qiymətləndirildi”.

O, özü də Xankəndi stadionundakı tədbiri və kubok oyununu izləyən tamaşaçı kimi fərəh hiss duyduğunu vurğulayıb:

“Prezident çıxış edəndə bütün qazilər, tamaşaçılar – hər kəs ayağa qalxıb sürəkli alqışlayırdı. Sanki bu idman yarışının təşkili bir zəfər mübarizəmizin davamı idi.

Milli tariximizə, keçmişimizə dəyər verən Prezident çıxışında Xankəndinin Qarabağ xanı tərəfindən əsasının qoyulması və inşa edilməsini, burada xanın iqamətgahının yerləşdiyini bildirdi. “Qarabağ”- MOİK oyunu həm də Xankəndidəki qədim tarixi keçmişimizə, hərbi ənənələrimizə ehtiram və bir işarə idi. Ona görə də Prezident çıxışında Xankəndidə keçirilən bu yarışın böyük rəmzi mənası olduğunu qeyd etdi”.

Elmar Hüseyn xatırladıb ki, ərazi bütövlüyününü bərpası ilə tamamlanan lokal antiterror tədbirlərinin nəticəsində bütün Qarabağ bölgəsində bu gün Azərbaycan bayrağı dalğalanır .

“Xankəndidə həm hərbi ekspert, həm Vətən müharibəsi iştirakçısı, həm də “Qarabağ” -MOİK oğlunun izləyicisi kimi çox böyük qürur hissi yaşadım. Yolboyu Ağdamdan keçəndə orada gedən bərpa-quruculuq işlərini də gözümüzlə gördük. Prezident çıxışında qeyd etdi ki, artıq Ağdam şəhəri yenidən qurulur. Ağdam və Xankəndi istiqamətində daha çox dağıntılar olub və ermənilər tərəfindən yaşayış məntəqələrimiz talan edilmişdi.

Bu gün də lokal antiterror tədbirinin ən böyük mahiyyəti ondan ibarətdir ki, bir infrastruktur dağıdılmadan Azərbaycan ərazisi tamlaşdırıldı. Mən bir azarkeş kimi fəxr hissi ilə bu futbol yarışında iştirak etdim və bu, mənim həyatımda çox böyük bir iz buraxacaq. Xankəndi stadionundakı futbol matçı və tədbir çərçivəsində Prezident biz qazilərlə, şəhid ailələri ilə, onların övladları ilə görüşdü, problemlərimizlə maraqlandı.

Bildirməliyəm ki, yolboyu bütün təminatımız, gediş-gəlişimiz dövlətimiz tərəfindən qarşılandı. Təəssüratım yüksəkdir”, – deyə Elmar Hüseyn fikrini yekunlaşdırıb(azərtac).

Əvvəlki məqalə

SSRİ Xalq artisti Murad Kajlayev vəfat edib

Sonrakı məqalə

Maya Sandu Azərbaycan Prezidentini təbrik edib