İki gün öncə Tərtər rayonunun Qızıloba kəndində minaya düşən Həsənəli Əlizadə xaricdə təhsil almağa hazırlaşırmış.
Bu barədə AzVision.az -a Həsənəlinin əmisioğlu Məhəmmədəli Əliyev məlumat verib. O bildirib ki, Həsənəli ailənin ortancıl övladıdır və hər zaman biliyi ilə seçilib.
“Bakı Dövlət Universitetini bitirəndən sonra hərbi xidmətə getdi. Gələndən sonra dövlət qulluğuna hazırlaşdı və imtahan verib birinci mərhələdən keçdi. Eyni zamanda təhsilini də davam etdirmək istəyirdi. Polşa və İtaliyadan onun müraciətinə müsbət cavab verilmişdi, amma qismət olmadı”.
Əmisi deyir ki, Həsənəlinin atası heyvandarlıqla məşğuldur. Oğlu da minaya düşdüyü gün elə atasına kömək məqsədi ilə heyvanları otarmağa gedib.
“Biz heyvanlarımızı Qızılobada otarırıq. Ora minalı ərazidir, amma giriş qadağan edilməyib. Gündəlik həyatımız belədir, məcburən ora gedirik. Həsənəli də həm dərslərini oxuyurdu, həm də atasına kömək edirdi. Həmin gün Həsənəlidən zəng gəldi. Dedi: “Əmi, minaya düşmüşəm, yaralanmışam”. Tez əraziyə getdim, Həsənəlini oradan çıxarıb təcili yardıma təhvil verdim. Əvvəl Tərtər rayon Mərkəzi Xəstəxanasına aparıldı, oradan isə Bərdə Diaqnostika Mərkəzinə çatdırıldı. Həsənəlini görəndə şok vəziyyətində idi, ayağının biri tamamilə parçalanmışdı. Ona görə də sol ayağı topuqdan amputasiya olundu. Sağ ayağı isə qəlpə yarası alıb.
İndi xəstəxanada müalicəsi davam edir, vəziyyəti ağırdır, hələ özünə gəlməyib”.
Qeyd edək ki, fevralın 4-də 23 yaşlı Tərtər rayonunun Qaradağlı kənd sakini Əlizadə Həsənəli Şahin oğlu minaya düşüb. O, Bakı Dövlət Universitetinin Politologiya ixtisasının məzunu olub və universiteti ortalama 90 baldan yuxarı fərqlənmə diplomu ilə bitirib. Gənc oğlan Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul alsa da, təhsilini davam etdirməyib.