“Ölənlərin əzilmiş “kukla”lara bənzəməsi məni şok etdi, psixikam pozuldu” –Xocalı soyqırımının canlı şahidi olan ingilis jurnalisti

Britaniyalı  jurnalist Helen Vomak 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının canlı şahidlərindəndir. Həmin vaxt İngiltərənin məşhur  “İndependent” qəzetinin əməkdaşı olan Helen Vomak Xocalı soyqrımı ilə bağlı Azərbaycana səfər edib, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri öz gözləri ilə görüb və bununla bağlı mətbuatda məqalələrlə çıxış edib.

 

Helen Vomak 1985-ci ildən 2015-ci ilə qədər 30 il Moskvada işləyib. “Reuters”, “İndependent”, “The Times” (London) və Avstraliyanın “Fairfax” (The Sydney Morning Herald and The Age of Melbourne) qəzetlərində  çalışıb. “The Ice Walk – Surviving the Soviet Break-up and the New Russia” (Melrose Books, 2013) adlı kitabın  müəllifidir. Hazırda Budapeştdə yaşayır.  Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığında (UNHCR) Əfqanıstandan, Yaxın Şərq və Afrikadan olan qaçqınların Avropadakı yeni həyatlarına necə uyğunlaşdıqlarını öyrənir.

Helen Vomak azərbaycanlı jurnalist Hafiz Əhmədovun rəhbəri olduğu HafizTimes.com -un suallarını cavablandırıb.

 Azpost.info müsahibəni oxucularına təqdim edir:

Xocalını necə xatırlayırsınız?

Həqiqətin tədricən üzə çıxdığı çox ağrılı bir təcrübə idi. Moskvadan müharibə bölgəsinə getmək heç də asan olmadı. Ermənilər, onların xarici ölkələrdəki diasporaları media ilə əlaqələrini daha yüksək səviyyədə təşkil etmişdilər. Beləliklə, görünürdü ki, biz – jurnalistlər Ermənistana daha çox rəğbət bəsləmişik.

Xocalıda qorxunc bir hadisənin baş verdiyini eşitdik. Mənim işim hərbi itkilər və mülki əhalini qırğına məruz qoyan bir döyüşün olub-olmadığını müəyyən etmək idi.

Nəhayət biz gecenin bir vaxtında ora gedib çatdıq. Azərbaycanlı müşayətçi bizi əvvəlcə bir otelə dincəlməyə aparmaq əvəzinə, birbaşa olaraq Ağdamdakı məscidə apardı. Orada dəhşətli formada olan dörd meyid vardı.

Azərbaycanlıların bu hərəkəti peşəkar PR baxımından çox da ağıllı, məntiqli deyildi. Həmin vaxt biz çox yorğun idik və narahat olduq. Digər tərəfdən isə həmin dörd cəsəd həqiqətən də qırğına uyğun gəlmirdi. Amma PR-ın bu qədər primitiv olması məni azərbaycanlıların həqiqəti söylədiyi barədə düşündürdü. 

Ertəsi gün məscidin qarşısına toplaşan insanlar öz qohumlarını axtarmağa başladılar. Onların çoxu dağlarda itkin düşmüşdülər. Qəbristanlığa getdik. Gördüm ki, qadınlar ən azı 75 təzə qəbirin üzərində fəryad edirlər. Bəzi qəbirlərin üzərini “kukla”larla bəzəmişdilər. Orada uşaqların, gənclərin dəfn edildiyini öyrəndik. Dəmiryol stansiyasındakı qatar vaqonlarını təcili yardım xəstəxanasına çevirmişdilər. Oradakı həkimlərdən, yaralılardan müsahibə götürdüm.

Və mənə aydın  oldu ki, həqiqətən də Xocalıda mülki əhaliyə qarşı qətliam törədilib. Əvvəllər mən, məsələn 1988-ci ildə baş verən zəlzələ zamanı ermənilərə qarşı rəğbət hissi ilə yazmışdım. Lakin bu dəfə Xocalı qurbanlarının azərbaycanlı olduqları barədə məlumat yaymaq mənim borcum idim. Mən gördüklərim barədə məlumat verdim. Həmin qeydlərimə də əsaslanıram. Ancaq ümumilikdə mən Dağlıq Qarabağ məsələsində neytral və balanslıyam. Hazırkı situasiya ilə bağlı heç bir fikrim yoxdur. Çünki son vaxtlar bu münaqişəni izləmirəm.

-Siz Xocalıda daha nələr gördünüz?

-Məsciddəki meyidxanada dörd cəsəd gördüm; qohumlarını axtaran izdiham, Ağdam qəbristanlığında ən az 75 yeni qazılmış qəbir üzərində ağlayan qadınları və qatar vaqonlarındakı yaralılar…

-Xocalıda sizə ən çox nə təsir etdi?

-Avtobusda azərbaycanlı bir jurnalist həmkarımla uzun söhbət etdik. Təəssüf ki, adını xatırlamıram. Amma onun zəkasını, mərhəmətini və qətiyyətini xatırlayıram. Bununla da dünya həqiqəti öyrənərdi. O, mənə təzyiq göstərmədi, situasiyanı başa düşməyimə kömək etdi…

-Ermənilər tərəfindən xüsusi amasızlıqla qətlə yetirilən insanların, uşaqların meyidlərini görən zaman hansı hissləri keçirdiniz?

 -Dəhşətli bir formada olan meyidləri görən zaman çox təsirləndim. Həmin vaxt 36 yaşım vardı. O vaxta qədər yaxından gördüyüm tək meyid tabutunda rahat yuxuda olan nənəm  idi. Öləndə hamımızın qırılmış, əzilmiş “kukla”lara bənzədiyimizi görmək məni şok etdi… Qəbristanlıqda dəfn olunanların içərisində uşaqların olduğunu da öyrəndim. Qəbirlərin üzərində fəryad edən qadınların səsini eşitmək çox kədərli idi… Yaxınları, doğmaları dağlarda itkin düşmüş, xəsarət alanların hekayələrini dinləmək məni çox incitdi. Həmin an bütün bədənimin keyidini hiss etdim. Mən işimi görürdüm. Özümü birtəhər saxladım. Ancaq evə qayıdanda yıxıldım…

-Xocalıda öz gözlərinizlə gördüyünüz dəhşətli hadisə sizin şəxsi həyatınıza necə təsir etdi?

-Moskvaya qayıdanda dərhal sətəlcəm xəstəliyinə tutuldum. Bundan sonra psixoloji problem yaşamağa başladım. Müharibə müxbirlərinin bu barədə danışması düzgün deyil. Amma travma bizə də təsir edir.

Ölümün bu qədər yaxın olduğunu görmək məni öz ölümüm barədə düşünməyə vadar etdi. Əvvəlcə uçmaqdan qorxdum. Sonra metroya minməkdən qorxdum. Təyyarələrdə özümü rahat hiss etmək üçün içməyə başladım. Amma başa düşdüm ki, bu uzun müddət həll olmayacaq. Çünki qısa bir uçuş zamanı üç saat qorxa bilsəniz, amma uzun bir uçuşda isə qorxu ilə 18 saat mübarizə apara bilməzsiniz. Sonda isə bədən sadəcə olaraq təslim olur və rahatlaşır.

-Ağdamda sizi müşayət edən azərbaycanlı bir əsgər sizə demişdi: “Siz bura gəlirsiniz, simpatiya göstərirsiniz. Amma bilirik ki, gedib fərqli şeylər yazacaqsınız”. Həmin əsgər həqiqəti söyləmişdi? İllər sonra ona nə demək istərsiniz?

-Mən onu başa düşürəm. Duyğularını dürüstcə ifadə etdi. Ümid edirəm ki, onu incitmədim…

-Azərbaycana yenidən səfər etmək istərsinizmi?

O vaxt Bakıdan keçməklə yalnız Ağdama getmişəm. Amma Bakının gözəl bir şəhər olduğunu bilirəm. Fürsət yaranarsa və şərait uyğun olsa Azərbaycana getmək istəyərəm.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda DSK sədri vəfat etdi

Sonrakı məqalə

İranda koronavirusa yoluxan iki xəstə öldü