Futbol üzrə Xorvatiya millisi ikinci dəfə dünya çempionatının bürünc medalına sahib olub.
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisi Mərakeş yığması ilə qarşılaşıb.
Matçda hesabı Xorvatiya millisi açıb. Oyunun 7-ci dəqiqəsində Yosko Qvardiol fərqlənib. İki dəqiqə sonra mərakeşli futbolçu Əşrəf Dari hesaba tarazlıq gətirib. Qarşılaşmanın 42-ci dəqiqəsində Mislav Orsiç Xorvatiya millisini hesabda önə keçirib. Avropa təmsilçisi fasiləyə üstün yollanıb – 2:1.
Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə komandalar fərqlənə bilməyiblər.
Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Xorvatiya seçməsi mundialı üçüncü pillədə başa vurub.
Xorvatiya millisi ikinci dəfə dünya üçüncüsü olub. Komanda ilk dəfə 1998-ci ildə Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıb.
Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.