“Xoşbəxt olmağa can atanlar xəstədirlər, bu mümkün deyil” –Psixologiya üzrə professor Edqar Kabanas (MÜSAHİBƏ)

Həyatın mənası, yoxsa hakim kəsilmiş bir ideya – xoşbəxtlik bunlardan hansıdır? Psixoloq Edqar Kabanasın fikrincə, xoşbəxtlik bir istehlak məhsulu və ya bir iş kimi eqoist anlayış halına gəlib.

O, sosioloq Yeva İllouz ilə birlikdə “Xoşbəxtlik xəstəliyi: Elm və xoşbəxtlik sənayesi həyatımızı necə İdarə edir” adlı kitab yazıb.

Müəlliflər çoxmilyonluq “xoşbəxtlik sənayesi”nin irəli sürdüyü bir çox fikirləri, o cümlədən, “Xoşbəxtlik sadəcə seçimdir” iddiasını şübhə altına alırlar. Onlar deyirlər ki, “Ürəkdən istəsən, əldə edə bilərsən” kimi şüarlar problemlərlə üzləşən insanların özlərini günahkar hiss etmələrinə, xəyal qırıqlığı yaşamalarına səbəb olur.

Madriddəki Kamilo Xose Cela Universitetində çalışan tədqiqatçı Edqar Kabanas BBC-yə müsahibəsində pozitiv psixologiya anlayışının elmi əsasını mübahisələndirib. Kabanas hesab edir ki, fərdi xoşbəxtliyimizi bizi havalandıran bir ideyaya çevirməkdən vaz keçib ümumi xoşbəxtlik üçün çalışmalıyıq.

 

Azpost.info müsahibəni oxucularına təqdim edir:

-TEDx çıxışınızda xoşbəxtlik fikrindən uzaqlaşmağın mümkün olduğunu deyirsiz. Niyə bunun daha yaxşı olacağını düşünürsünüz?

-Bu diskursun əsas problemlərindən biri xoşbəxtliyin bizi divanə edən ideyaya çevrilməsidir – Bu ideya bizi şəxsi inkişaf kitablarının, quruların və həyat məşqçilərinin fərdi inkişafımızı təmin edəcək daha yaxşı, daha dolğun həyat vədlərindən asılı edir. Vədlər aldadıcıdır, çünki real həyatda belə bir xoşbəxtliyə qovuşmaq qəti mümkün deyil. Məqsəd heç vaxt əldə olunmur. Çünki bu, sonu olmayan bir prosesdir. Biz tələyə düşürük, həmin məhsullara aludəçilik yaranır. Məsələn, özünü tanımaq və ya xoşbəxt olmaq üçün şəxsi inkişaf kitabı alan biri növbəti və sonrakı kitabarı da alır. Əgər həmin kitablar bizi həqiqətən xoşbəxt etsəydi  bir dənəsi kifayət edərdi, elə deyilmi? Amma bu baş vermir. Biz o dövriyədən çıxmalı, bunun bir tələ olduğunu dərk etməliyik.

Deyirsiz ki, “Xoşbəxtlik bizim öz əlimizdədir” düşüncəsi bədbəxt olanların özlərini günahkar hiss etmələrinə səbəb olur. Bu bizim psixi sağlamlığımıza necə təsir edir?

– Çox mənfi təsir edir. “Xoşbəxt olmaq öz əlinizdədir, gözəl bir həyatınınzın olması üçün tək ehtiyacınız olan şey özünüzsüz” kimi cümlələr qulağa xoş gəlir. Amma realda belə deyil.

Müasir xoşbəxtlik anlayışında həyat şərtləri ya heç nəzərə alınmır, ya da onların rolu minimuma endirilir. Elmi əsasları olmasa da xoşbəxtliyin 50 faizinin guya genlərimizdən, 40 faizinin iradəmizdən, 10 faizinin isə şərtlərdən asılı olması barədə populyar bir əfsanə var. Başqa sözlə, xoşbəxtliyin 90 faizi ətrafımızdakı həyatdan, gəlirlərimizdən, mənsub olduğumuz sosial sinifdən, yaşadığımız yerin mədəni dəyərlərindən, ailələrimizdən, bizə verilən dəstəkdən yox, yalnız bizdən asılı bir şey kimi təqdim olunur. Bütün bunların xoşbəxtliyin sadəcə 10 faizi kimi göstərilməsi çox təəccüblüdür. Fərd və cəmiyyət olaraq xoşbəxtliyə can atmaq ideyasına nə vaxt yoluxmuşuq? Nisbətən yaxın dövrlərdə. Fərdi inkişaf kitabları və xoşbəxtlik məşqçiləri ABŞ-da 1950-60-cı illərdə ortaya çıxdı və bu mədəniyyət genişlənməyə başladı. Amerika istisna olmaqla, 2000-ci ildən etibarən hər yerdə həmin fikirlərə elmi görünüş vermək məqsədli pozitiv psixologiya axını yarandı və daha çox yayıldı. Böhranlar bu bazara təsir etmədi. Əksinə, 2008-ci ildəki maliyyə böhranı stimul rolunu oynadı və sosial şəbəkələrdə, mediada və sağlamlıq jurnallarında xəbər və tövsiyə bombardımanı getdikcə çoxaldı.

İnsanlar kədərdən və dərddən qorxurlar. Necə bilirsiz, bəlkə elə buna görə xoşbəxtliyi bizi dəli-divanə edən bir ideya halına gətirmişik?

-Elədir. Həyatda ən vacib şeyin xoşbəxtlik olduğunu dedikcə, bu vəziyyət dərinləşir. Xoşbəxtliyin ən vacib şey olub-olmadığını müzakirə edə bilərik, amma bundan əvvəl onun nə olduğunu bilməmiz lazımdır.

Çox maraqlıdır ki, heç kim xoşbəxtliyin tərifini bilmir. Xoşbəxtliyiniz tamamilə öz əlinizdədirsə bir xoşbəxtlik ustadı xoşbəxt olmanız üçün nəyə ehtiyacınız olduğunu hardan bilsin?

-Yox, əgər bu məsələ fərdi deyilsə, o zaman xoşbəxtliyin insanın özündən asılı olması fikri ziddiyyətlidir. Bir də arxa planda bəzi emosiyların “mənfi” olması iddiası var. Halbuki duyğular əsla müsbət və ya mənfi deyil, onların necəliyini həmin andakı vəziyyət və o andakı rolları müəyyənləşdirir. Məsələn, bir az fikirli ola bilərik və bu bizi narahat edə bilər.

Amma imtahandan və ya hansısa yarışdan əvvəl fikirli olmaq müsbət nəticəyə yardım edər. Qəzəbin mənfi emosiya olduğunu deyirlər. Zorakılığa və ya pis münasibətə gətirib çıxaran qəzəb həqiqətən də çox mənfi rol oynaya bilər.

Amma ədalətsizliyə qarşı mübarizə aparmağımıza və ya səhvləri düzəltməyimizə səbəb olan qəzəb müsbət hissdir.

 Hətta özlərini yaxşı hiss edənlərin də daha çox xoşbəxt olmaq haqqında düşündüklərini deyirsiz. Bu niyə baş verir?

-Kitabımızda “xoşbəxtlik xəstəliyi” adlandırdığımız hissin əlamətidir. Xoşbəxtlik xəstələri əsassız yerə elə hey nəyinsə çatışmadığını düşünürlər, xəstə olduqlarına inanırlar.

Digər xəstələr kimi, xoşbəxtlik xəstəsi də həmişə xəstə olduğuna əmindir, çünki kifayət qədər xoşbəxt deyil, potensialını reallaşdırmadığına inanır. Yaxşı olduğu halda, beynində pis olduğuna dair adamı rahat qoymayan bir ideya yaradır.

Burda doğru olmayan bir şey var: özünü piss hiss edəndə yaxşılaşmaq üçün yox, yaxşı olsan da, daha yaxşı olmaq üçün yardım tövsiyə olunur. “Daha yaxşı”nın isə sərhədi yoxdur.

Bəs nə vaxt xoşbəxt olacağıq? Bunu bizə demirlər. Heç kim bizə “Onsuz da xoşbəxtsən, heç nə etmə” demir. Bizə deyirlər ki, heç vaxt tam xoşbəxt olmayacağıq və xoşbəxt olsaq belə, ehtiyatı əldən verməməliyik, həmişə ayıq-sayıq olmalıyıq; rahatlaşsaq, xoşbəxt olmamıza imkan verən hər şeyi itirəcəyik.

Bu, istehlak məhsullarına aid məntiqdir: kompüter proqramı və ya cib telefonu kimi- əsla ən yaxşısını ala bilmirsiz, çünki ən yaxşısı hələ çıxmayıb, bir azdan çıxacaq.

-Xoşbəxtlik dusturunu bildiyini idda edən ustadların cəmiyyətdə doldurmağa çalışdıqları boşluqlar hansılardır?

-Biz kitabımızda xoşbəxtliyin elmi baxımdan araşdırıla biləcəyi fikrinə qarşı çıxırıq. İllərdir vacib və getdikcə artan iqtisadi və sosial problemlərlə qarşılaşırıq. Həyat şərtlərini dəyişdirmədikcə, özümüzü çarəsiz hiss edirik. Şərtlərin dəyişməyəcəyini düşündüyümüz üçün daha çox özümüzü dəyişdirmək barədə fikirləşirik. Fərdiləşmənin artmasına paralel olaraq dünyada böyük dəyişikliklər etmək şansımızın olmadığı hissi də artır.

-Bu prosesdə cəmiyyətin bir parçası olmaq fikri bir kənara qoyulur, elə deyilmi?

-Məncə, elədir. Yaxşı olmaqdan söz düşəndə öz vəziyyətimizdən danışırıq. “Özünə yaxşı bax, heç kim səni xilas edə bilməz, sənin üçün ən yaxşı olan nədirsə, onu et” – bu yanaşma doğru deyil, çünki pandemiya sayəsində gördük ki, fərdi sağlamlıq ictimai sağlamlıq qədər vacib deyil. Özünə istədiyin qədər yaxşı baxa bilərsən, amma hamının sağlam olması daha vacibdir, yoxsa sadəcə özünə görə narahat olmağın heç bir mənası qalmır.

Xoşbəxtlik məsələsində də vəziyyət eynidir: insan özü üçün narahat ola bilər, ancaq ətrafında işlər yaxşı getmirsə, yaxşı olmayacağını bilir – çünki sosial varlıq olduğunun fərqindədir.

Bəyənsək də, bəyənməsək də, başaqalarından asılıyıq. Toplumda rifah olmasa, fərdi rifah da olmaz. Biz fərdi rifahı sosial rifahdan üstün tuturuq. Məncə, bu doğru deyil.

-İsrarla xoşbəxtlik dalınca qaçmağın bir mənası varmı?

-Bizə son dövrlərdə vəd edilən xoşbəxtlikdən söhbət gedirsə, yox. Xoşbəxtliklə bağlı ziddiyəti təsdiqləyən maraqlı araşdırmalar var: xoşbəxt olmaq üçün nə qədər çox səy göstərirsinizsə, xoşbəxtliyinizi bir o qədər çox sabotaj etmiş olursuz. Çox əylənəcəyinizi düşündüyünüz bir qonaqlığa getməyə bənzəyir bu – orda vəziyyət normal olur, amma daha yaxşı olmasını gözlədiyiniz üçün çox əylənə bilmirsiz.

19-cu əsrdə yaşamış filosof Con Stuart Mill ömrünün sonunda bu qənaətə gəlmişdi ki, xoşbəxtliyi həyatın əsas məqsədi kimi görməyə dəyməz, çünki onun nə olduğunu və necə tapacağımızı bilmirik və xoşbəxt olmağa çalışdıqca, əziyyət çəkirik. Xoşbəxtlik haqqında danışmaqdan əl çəkmək, bunun üçün də onu hakim kəsilən bir ideyaya çevirməkdən vaz keçmək lazımdır.

-Xoşbəxt və ya daha xoşbəxt olmaq istəyənlərə tövsiyəniz nədir?

-“Daha xoşbəxt olacam” demək əvəzinə, “Birini xoşbəxt edəcəm” desinlər. Özlərinə yox, başqalarına fokuslansınlar. Mənim tövsiyəm budur.

Margarita Rodríguez/BBC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Hakerlər Qırmızı Xaç Komitəsinin saytını dağıtdılar –

Sonrakı məqalə

Bayden Rusiya ilə bağlı sualları cavablandırmaqdan imtina edib