Yəməndə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var- UNICEF

BMT-nin Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib ki, Yəməndə səkkizillik qarşıdurmadan sonra 11 milyona yaxın uşağın humanitar yardıma ehtiyacı var və təcili tədbirlər görülməzsə, milyonlarla insan aclıq riski ilə üzləşə bilər.

AZƏRTAC  xəbər verir ki, UNICEF-in Yəməndəki nümayəndəsi Piter Hokins deyib: “Yəməndə milyonlarla uşağın həyatı sarsıdıcı, bitməyən müharibənin demək olar ki, ağlasığmaz, dözülməz nəticələrinə görə risk altında qalır”.

2015-ci ildə başlayan və hazırda davam edən husi qiyamçılarının beynəlxalq səviyyədə tanınmış hökumətlə toqquşması nəticəsində milyonlarla insan köçkün vəziyyətinə düşüb, Yəmənin əsas xidmətləri və infrastrukturu məhv edilib. UNICEF-in məlumatına görə, 2015-ci ildən bəri 2,3 milyondan çox uşaq məcburi köçkün olub, 11 min azyaşlı ölüb və ya ağır yaralanıb. Bundan başqa, 4 mindən çox uşaq müharibə edən tərəflərin apardığı döyüşlərə cəlb edilib. Münaqişə dövründə təhsil və səhiyyə obyektlərinə 900-dən çox hücum edilib.

UNICEF-in 2023-cü ildə Yəməndə uşaqlar üçün həyat qurtaran humanitar yardımı davam etdirmək üçün təcili olaraq 484 milyon dollar tələb etdiyini söyləyən Hokins əlavə edib ki, bütün tərəflərin Yəmən xalqına kömək etmək öhdəliyinə sadiq qalması vacibdir. O deyib: “Səkkiz ildən sonra bir çox uşaq və ailələr özlərini əbədi bir ümidsizlik içində hiss edirlər. Bir çox valideynlər üçün dəyişən yeganə şey uşaqlarının kədərli üzləridir. Uşaqlar münaqişə barədə çox az şey bilirlər, ancaq onlara dinc gələcəyə ümid etmək üçün bir işıq yeri qoymaq tamamilə vacibdir.”

Bu günlərdə husi üsyançıları bildiriblər ki, onlar şənbə günündən etibarən paytaxt Sənaya həyata keçirilən BMT və digər humanitar təşkilatların uçuşlarına ciddi məhdudiyyətlər tətbiq edirlər. Ərzaq və tibbi yardımlar gətirən təyyarələr yalnız cümə günləri qəbul ediləcək.

Əvvəlki məqalə

Türkiyəli nazir 15 ildən sonra Ermənistana səfər edib –

Sonrakı məqalə

Almaniya 30 rus diplomatını ölkədən qovmağı planlaşdırır