Yaddaşımızı saxlayan ilmələr

xalçaçılıq

Xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

Xalça Azərbaycan xalqının rəmzlərindən sayılır. Yazıçı Mir Cəlalın “Bir gəncin manifesti” əsərində əcnəbiyə xalça satmaqdan imtina edən Sona xalanının “İtə ataram, yada satmaram” məsəli milli mədəniyyətə hörmətin bir ifadəsi kimi yadda qalıb.

Bəs xalçaçılıq sahəsində hazırkı vəziyyət necədir? Azərbaycan xalçasını brendə çevirmək, ölkəyə gələn turistlərinin hər birinin xalça almasını təmin etmək üçün hansı addımlar atılmalıdır?

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində) məşğul olublar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilib.

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat veriblər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf edib, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunb.

Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi.

XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid “Hüdud əl-aləm” (“Dünyanın sərhədləri”) əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, “Kitabi-Dədə-Qorqud” dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin “Məryəm öz körpəsi ilə” tablosunda “Şirvan” xalçası, Van Eykin “Müqəddəs Məryəm” əsərində “Zeyvə xalçası”, Alman rəssamı Hans Holbeynin (XV əsr) “Səfirlər” əsərində “Qazax” xalçasının təsvirləri verilib.

Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənib, hər xanlığın özünün xalçaçılıq karxanası olub. Xanlıqlar dövründə xalçaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı.

1872-ci ildə Moskvada ” Moskva-Politexnik” sərgisində və 1882-ci ildə “Ümumrusiya sənaye və incəsənət sərgisi”ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.

Xalçaçılıq sənəti Azərbaycan xalq-tətbiqi sənətinin əhəmiyyətli növlərindən olmaqla, bu sənətin ənənə və sirləri xüsusi qayğı ilə saxlanılıb və nəsildən-nəslə ötürülüb.

Azərbaycanda xalça sənətinin inkişaf etdiyi növbəti dövr XX əsrə təsadüf edir.

Azərbaycan xalçaları hazırlanma texnologiyasına görə xovlu və xovsuz xalçalara bölünür. Xovsuz xalçalar daha qədimdir və fərqli bəzəkləri və əlvan koloriti ilə seçilir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq “məişət xalçaları” adlandırırlar. Palas, cecim, kilim, şəddə, vərni, zili, sumax kimi xalçalar xalçaçılığın inkişafının ilkin dövrünü təmsil edirlər.

Ölkəmizdə xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilib. 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edildi.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynovun sözlərinə görə, xalça sənəti bizim ornamental mədəniyyət və tarix kitabəmizdir. Zaman keçdikcə yazılı ədəbiyyatda belə nəyi isə dəyişmək mümkündür, amma xalça sənəti elədir ki, hər hansı tarix, yazı, hadisə ornament şəklində, bir növ kodlaşmış formada xalçada əks olunur. “Qədim oğuzların həyat tərzində xalçaçılıq əsas sənətlərdən olub. Xalçanın “Türk ilməsi” deyilən bafı həndəsi simmetriya adlanır. Türk bafının ilməsini müasir texnologiyaya, müasir texnikaya tətbiq etmək mümkün deyil. Bu ilmələri yalnız əllə toxumaq mümkündür”.

Qədimlərdən üzü bu yana Azərbaycanda belə bir ənənə vardı. Uşaq anadan olan kimi adına xalça toxunardı. Həmin toxunan xalçaların bəzisi xofsuz, bəzisi xovlu olardı. Yayda, qışda, çöldə-bacada xalçanı beşiyin altına sərərdilər. Bu da uşaqların təhlükəsizliyinə zəmanət verərdi. Çünki nə ilan, nə əqrəb, nə zərərverici həşəratlar xalçanın üstündə hərəkət edə bilmir.

Uşaq böyüyüb yetkinlik yaşına çatanda qızlara və oğlanlara aid xalçalar toxunardı. Qız-gəlinlərimiz özləri üçün cehizlik xalça toxuyar, ərə gedəndə özü ilə birlikdə həmin qiymətli sərvəti aparardı. Ona görə də xalça bizim həm mənəvi, həm maddi sərvətimizdir.

Dünyada yayılan xalça kompozisiyalarını öyrənərkən maraqlı faktlar üzə çıxır.

Azərbaycan xalçasının 28 kompozisiya quruluşu var. 28 növ kompozisiya öz növbəsində 28 hissəyə, hər hissə də sağ və sol qanada ayrılır. Hər qanad 28 məfhumu ifadə edir. Həmin məfhum isə 28 rəmzi ifadə edir. Hər rəmz də xüsusiyyətinə görə dörd ünsürü – od, hava, torpaq, su ünsürünü tamamlayır. Deməli, bizim xalçaların elementləri yüklüdür, kodludur. Əsasən də türklərə məxsus olan ornamentlər naxışların yaddaş məfhumudur. Həmin yaddaş məfhumunu oxumaq üçün mütləq tarixi, etnoqrafiyanı bilmək lazımdır.

“Bizdə xalçaları adətən məişət nöqteyi-nəzərindən təbliğ edirlər. Ancaq bu heç də belə deyil. Mənim öz araşdırmalarıma görə, xalça 40-a yaxın xəstəliyi müalicə edir. Xalçanın toz sormaq qabiliyyəti var. Türk ilməsinin-bafının bir ucu mənfi, bir ucu müsbətdir. Biz həmin ilməyə mikroskop altında baxsaq, həmin tüklərin içərisində kanal görərik. O borucuğun içərisi spiralvaridir. Həmin ilmələr ətrafda olan mənfi enerjini, evdəki kədəri, gərginliyi və yaxud da sevinci sormaq qabiliyyətinə malikdir. Xalça o enerjini sorur, ərişlərə dolanan yerdən həmin enerji keçib geri qayıda bilmədiyindən orda qalıb kristallaşır. Ona görə də bizim ulu əcdadlarımız Qubada, Şirvanda, Qarabağda xalçanı ildırımlı havada şimşək çaxanda, göy guruldayanda çayda yuyarlarmış. Onlar fizikanın qanunlarını bilməsələr də, təbiəti hiss edərlərmiş. İldırımlı havada o kristallar parçalanar, axar su insanın xalçaya hopan xəstəliyini, mənfi enerjini yuyub apararmış. Ona görə də xalçaya canlı varlıq kimi yanaşmaq lazımdır”.

Azərbaycan xalçası həm texnoloji xüsusiyyətlərinə, həm rəng, həm də ornament xüsusiyyətinə görə Bakı, Təbriz, Quba, Şirvan, Qarabağ, Gəncə-Qazax klassik xalça məktəblərinə bölünür. Hər məktəbin özü isə qruplara, tiplərə, məntəqələrə, ocaqlara ayrılır. Bu da xalça sənətimizin zənginliyindən irəli gəlir. Bizim xalçaları fərqləndirən onun keyfiyyəti, gözəlliyi və tarixiliyidir. Bu gün dünyada ən məşhur xalçalar elə Azərbaycan xalçalarıdır.

Xalça nümunələrinin qorunmasında və təbliğində 2022-ci ildə 50 yaşı tamam olan Milli Xalça Muzeyinin əvəzsiz rolu var. Dünyada ilk xalça muzeyi məhz Azərbaycanda yaradılıb. Muzey təşəkkül dövründə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi kimi adlandırılıb. 2019- cu ildən isə “Milli” statusu alaraq ziyarətçilərə Azərbaycan Milli Xalça Muzeyi kimi təqdim edilir.

Prezident İlham Əliyev 2006-cı ildə Muzey Mərkəzində olarkən Xalça Muzeyi üçün yeni binanın inşası ilə bağlı təşəbbüs irəli sürdü və 2007-ci ildə müvafiq Sərəncam imzaladı. UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə 2008-ci ildə təməli qoyulan bu gözəl, möhtəşəm binanın tikintisi qısa müddətdə tamamlandı və Xalça Muzeyi 2014-cü ildə artıq yeni ünvanda öz qapılarını xalçasevərlərin üzünə açdı. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır.

Ölkəmizdə xalçaçılığın inkişaf etdirilməsi və dünyada təbliğində Birinci Vitse-prezident  Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu davam etdirir. Fondun Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Avropanın ayrı-ayrı şəhərlərində keçirdiyi silsilə tədbirlərdə müxtəlif xalçaçılıq məktəblərinə aid xalçalarımız da geniş şəkildə nümayiş olunur. Mehriban Əliyevanın təşəbbüsü ilə Böyük Britaniyada, Fransada və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri böyük şöhrət qazanıb. Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü iş sayəsində 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb.

Azərbaycanın qadın ustalarının böyük sevgi və zövqlə toxuduqları gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərində, eləcə də Bakıda Azərbaycan Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərində saxlanılır.

Bu qədim sənətin ölkəmizdə davam və inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənətyönümlü kolleclərdə xalçaçılıq sənət və elm sahəsi kimi tədris edilir. Həmçinin texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə xalçaçılıq sənət kimi öyrədilir.

Mütəxəssisin sözlərinə görə, xalçalarımızın dünya bazarlarında çoxlu sayda müştərisi var. Nə qədər keyfiyyətli xalça istehsal olunsa, müştərimiz o qədər çox olar. Sadəcə düzgün, qayda-qanuna uyğun toxumaq lazımdır ki, beynəlxalq satış mərkəzlərində müştəriləri cəlb edək. Xalçalar çox gəlirli sahə olduğu üçün respublikaya da, valyuta çox gələcək.

Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə görə, Azərbaycan xalçalarını dünya xalçaları ilə müqayisə etsək, ən böyük fərqi eksklüziv olmasıdır. Bizim xalçalarda kortəbii çəkilən naxış yox, gündəlik həyat əhvali-ruhiyyəsi əks olunur. Başqa ölkələrin xalçalarının bənzərini tapmaq mümkündür. Ancaq Azərbaycan xalçalarının oxşarı yoxdur. Rayonlarımızda özünəməxsus xalçalar hazırlanıb. Təbriz isə o vaxtlar professional xalça sənətinin mərkəzi olub. “Misal üçün Quba və ya Şirvanda hazırlanan xalçalar daha çox şəhər mədəniyyətini əks etdirir. Gəncə, Qazax və ya Borçalıda hazırlanan xalçalar tərəkəmə mədəniyyətini təmsil edir. Qarabağ xalçaları ictimasi-siyasi əlaqələrdə öz təsirini göstərən ən gözəl xalçalardır. Qarabağ xanlığının digər ölkələrlə qurduğu ticarət əlaqələrini də Qarabağ xalçalarında görə bilərik. Xalça toxuyan şəxslərin gündəlik həyatı, gördükləri işlər onların işinə təsir edir”.

Azərxalça“ elm-yaradıcılıq birliyinin rəhbəri Əlisəfa Nuriyevin dediyinə görə, ölkə daxilində də xalçaçılıqla bağlı ciddi problem ölkə ərazisində yeraltı sexlərdir. Həmin sexlərdə isə keyfiyyətsiz məhsullardan xalçalar hazırlanır ki, bu da Azərbaycan xalçasının imicinə ciddi zərər vurur. Həmin sexlərdə hazırlanan xalçalar İran, Gürcüstan, Ermənistan və digər dövlətlərin bazarlarına satışa çıxarılır və onların keyfiyyətsizliyi Azərbaycan xalçaçılığı ilə bağlı olan təəssüratları dağıdır. Bununla belə, ermənilər həmin xalçalara sertifikat verərək Avropa və Amerikada erməni xalçası kimi satırlar. Dünya muzeylərində də Azərbaycan xalıları Qafqaz nümunələri kimi təqdim edilir ki, nəticədə onları erməni xalçaları zənn edənlər olur.

Ekspertlərin fikrincə, sovet dövründə Azərbaycan xalçaçılığına vurulan ziyanın yeri hələ də hiss olunur. Belə ki, o vaxt xalçalarımıza yalnız gəlir mənbəyi kimi baxılırdı və həmin səbəbdən də kütləvi istehsala üstünlük verilirdi. Bu üzdən də yerli xüsusiyyətlər, məktəblərin ənənələri itməyə başladı. 90-cı illərdə isə yerli dəllallar xalçalarımıza daha bir zərbə vurdular. Nəticədə bazarda sex məhsulları olan ucuz, sintetik xalça və gəbələr çoxalıb. Bu gün həmçinin bəzi dəllallar yeni toxunan xalçaları xüsusi kimyəvi vasitələrlə yandırmaqla ona əntiq görkəm verirlər ki, bu da xalçalar haqda mənfi rəy formalaşdırır. Ancaq “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında“ qanunun qəbul edilməsi və həmin qanundan irəli gələn vəzifələrin icrası xalçaçılığın inkişafına və gələcəyinə inamı artırır.

Bu gün xalçalarımız dünyanı gəzir,  həm özlərini, həm də Azərbaycanı tanıdırlar. Azərbaycan xalçalarının ölkə hüdudlarından kənarda sərgilərinin keçirilməsi və milli brendimizlə satışının təşkil edilməsi onların tanıdılmasının ən effektiv yoludur.

G.Hüseynova

Yazı MEDİA-nın dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

ABŞ dövlət katibi bu gün İlham Əliyev və Paşinyanla görüşəcək

Sonrakı məqalə

“Putin bu təcavüzə görə cavab verməsə, tarix yenidən təkrarlanacaq”