Pensiya məbləği hazırda hər bir işləyən şəxsin maraqlandğı məsələdir.
Azərbaycanda 2006-cı ildən bəri yaşa görə əmək pensiyası almaq üçün iki şərt var: pensiya kapitalı və sığorta stajı.
Azpost.info bildirir ki, qanuna əsasən müvafiq yaşda təqaüd almaq üçün pensiya kapitalı toplanılmalıdır. Rəsmi məlumata əsasən bunun üçün şəxsin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınır. Vətəndaşın ən azı 25 il sığorta stajı olduqda o, yaşa görə əmək pensiyası hüququ əldə edir.
Məsələn, əgər 10 il ərzində hər ay 100 manat (hər il 1200 manat) məcburi sosial sığorta ödənişi edibsizsə, o zaman sizin pensiya kapitalınız 12 min manat olacaq.
Yuxarıda qeyd olunan şərtlər daxilində kişilərə yaşa görə əmək pensiyası təyin olunması tələb olunan yaş həddi 65 yaş, qadınlar üçün isə 64 yaş 6 ay (2025-ci ilin 1 iyul tarixindən 2026-cı ilin 1 iyul tarixinədək) müəyyən edilib. Qeyd edək ki, qadınların yaş həddinin hər il 6 ay artırılmaqla 01.07.2027-ci il tarixinədək 65 yaşa çatdırılması nəzərdə tutulub.
Hazırda isə qadınlar üçün pensiya yaşı 64 il 6 aydır.
Hazırda minimum məbləğdə yaşa görə pensiya təminatı üçün 46080 manat (minimum pensiya kapitalı) pensiya kapitalı və ya 25 il iş stajı tələb olunur.
Azərbaycanda yaşa görə əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən etibarən 320 manat müəyyən edilib.
Xatırladaq ki, əmək pensiyalarının illik artımı ölkədə bir il ərzində orta aylıq nominal əməkhaqqının nə qədər artmasından asılıdır. Hökumət bunu indeksləşdirmə adlandırır. Yəni əgər ölkədə bir il ərzində orta aylıq nominal əməkhaqqı 5 faiz artarsa, növbəti il minimum əmək pensiyası da 5 faiz artacaq.