Yay tətilində oxunmalı 7 kitab –Ədəbiyyatçıların tövsiyə etdiyi əsərlər

Yay tətili yalnız istirahət etmək deyil, həm də uzun müddətdir oxumağa vaxt tapılmayan kitabları vərəqləmək üçün ən münasib dövrlərdən biridir. Günəşli bir gün, sakit bir məkan və maraqlı kitab həm zehnin dincəlməsinə, həm də dünyagörüşünün genişlənməsinə kömək edir.

Ədəbiyyatşünaslar hesab edirlər ki, yay aylarında ağır elmi nəşrlərdən çox, düşündürən, axıcı dili olan və oxucunu ilk səhifələrdən özünə cəlb edən əsərlərə üstünlük vermək daha məqsədəuyğundur. Belə kitablar həm klassik ədəbiyyat həvəskarlarının, həm də müasir nəsrin oxucularının marağına səbəb olur.

Azpost.info bu yay mütləq oxumağa dəyər hesab edilən yeddi kitabı təqdim edir.

“Qoca və dəniz”

Yazıçı Heminqueyin yazdığı və dünya ədəbiyyatının şah əsərlərindən sayılan bu kitab insanın iradəsi, əzmkarlığı və həyat uğrunda mübarizəsindən bəhs edir. Əsərin baş qəhrəmanı yaşlı balıqçı Santyaqonun dənizdə apardığı mübarizə sadəcə balıq ovu deyil, insan xarakterinin gücünü nümayiş etdirən fəlsəfi hekayədir.

Sadə dili və dərin məzmunu sayəsində kitab bir neçə gün ərzində rahatlıqla oxunur.

“1984”

Məşhur ingilis yazıçısı Corc Oruellin yazdığı əsər  texnologiyanın həyatımıza getdikcə daha çox nüfuz etdiyi dövrdə bu roman yenidən aktuallaşıb. Əsərdə fərdi azadlıqların məhdudlaşdırıldığı totalitar cəmiyyət təsvir olunur. Müasir informasiya dövrü ilə müqayisələr aparıldığı üçün kitab illər keçsə də aktuallığını qoruyur.

“Balaca şahzadə”

Fransız yazıçısı  Antuan de Sent-Ekzüperinin yazdığı bu əsəd  ilk baxışdan uşaq kitabı təsiri bağışlasa da, əslində böyüklər üçün yazılmış ən dərin fəlsəfi əsərlərdən biridir. Dostluq, sevgi, məsuliyyət və insan münasibətləri haqqında verdiyi mesajlar bu kitabı bütün yaş qrupları üçün maraqlı edir.

“Min möhtəşəm günəş”

Əfqanıstan əsilli məşhur Amerika yazıçısı Xalid Hüseynin yazdığı bu əsər müasir dünya ədəbiyyatının ən təsirli romanlarından biri hesab olunur. Bu əsərdə müharibənin insanların taleyinə təsiri, qadınların həyat uğrunda mübarizəsi və ailə münasibətləri təsvir edilir.

Oxucuların fikrincə, kitab emosional təsiri ilə uzun müddət yadda qalır.

“Əlkimyagər”

Braziliya yazıçısı Paulo Koelyonun bu əsəri arzuların arxasınca getmək, həyatda məqsəd tapmaq və taleyə inanmaq mövzularını əhatə edən bu roman dünyanın ən çox satılan kitablarından biridir.

Əsər xüsusilə həyatında dəyişiklik etmək istəyən insanlar üçün motivasiya mənbəyi hesab olunur.

“Şerlok Holmsun macəraları”

Detektiv janrını sevənlər üçün klassik seçimdir. Məşhur detektiv Şerlok Holmsun qeyri-adi məntiqi və müşahidə qabiliyyəti əsərləri bu gün də milyonlarla oxucu tərəfindən maraqla qarşılanır. Qısa hekayələrdən ibarət olduğu üçün yay istirahətində hissə-hissə oxumaq da rahatdır.

“Küləyin nəğməsini dinlə”

Bu əsəri məşhur yapon yazıçısı Haruki Murakami yazıb. Müasir yapon ədəbiyyatına maraq göstərənlər üçün yaxşı seçimdir. Sadə üslubu, sakit atmosferi və insanın daxili dünyasını təsvir edən süjeti ilə yay aylarının ruhuna uyğun əsərlərdən biri hesab olunur.

Yayda kitab oxumağın faydaları varmı?

Psixoloqlar bildirirlər ki, gündə cəmi 20-30 dəqiqə mütaliə etmək stress səviyyəsini azaltmağa kömək edir. Kitab oxumaq diqqəti artırır, yaddaşı gücləndirir və insanın söz ehtiyatını zənginləşdirir. Araşdırmalar göstərir ki, müntəzəm mütaliə ilə məşğul olan insanlar informasiyanı daha yaxşı təhlil edir, qərar qəbul etməkdə daha çevik olur və emosional gərginliyi daha asan idarə edə bilirlər. Məhz buna görə yay tətili sosial şəbəkələrdə saatlarla vaxt keçirmək əvəzinə yeni müəlliflər və fərqli ədəbi janrlarla tanış olmaq üçün yaxşı fürsət hesab edilir.

Ədəbiyyatşünaslar oxuculara kitab seçərkən yalnız bestseller siyahılarına güvənməməyi tövsiyə edirlər. Ən yaxşı seçim insanın maraq dairəsinə uyğun əsərdir. Tarixi roman sevən oxucu üçün psixoloji triller maraqlı olmaya bilər, detektiv həvəskarı isə klassik fəlsəfi romanlardan zövq almaya bilər.

Əsas məqsəd oxumaq vərdişini davam etdirmək və kitabdan həzz almaqdır.

Yay tətili insanın həm fiziki, həm də mənəvi dincəlməsi üçün ən əlverişli dövrdür. Maraqlı kitab isə bu istirahəti daha mənalı edə bilər. İstər klassik ədəbiyyata, istər müasir nəsrə üstünlük verin, əsas odur ki, hər gün özünüzə mütaliə üçün bir qədər vaxt ayırın. Çünki yaxşı kitab təkcə vaxt keçirmək vasitəsi deyil, həm də insanın dünyaya baxışını dəyişdirən ən dəyərli yol yoldaşlarından biridir.

N.Talıbov

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.