Yazıçı olan polis polkovnikinin bankir oğlu –Mərkəzi Bankın yeni sədri kimdir? (DOSYE)

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, Taleh Kazımov bu ilin aprelin 12-də Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.

 

Azpost.info bildirir ki, Taleh Kazımov bu sərəncama qədər “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri, baş icraçı direktoru vəzifəsini tutub.

O, 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını müvəffəqiyyətlə bitirib.

Ailəlidir, iki övladı var.

Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləyib.

Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

 

2006-cı ildən 2007-ci ilədək “Ernst & Young” şirkətində auditor vəzifəsini tutub. 2007-ci ilin yanvar ayından aprel ayınadək “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin baş direktoru vəzifəsində çalışıb.

 

Taleh Kazımovun “PAŞA Bank”da fəaliyyəti 2007-ci ilin iyul ayından başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

 

Taleh Kazımov 7 dekabr 2011-ci ildən “PAŞA Bank”ın İdarə heyətinin üzvü seçilmiş, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya edib.

1 iyul 2015-ci il tarixində Taleh Kazımov “PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Taleh Kazımov əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. O, tanınmış yazıçı və uzun illər polis zabiti kimi daxili işlər orqanlarında xidmət etmiş Tahir Kazımovun oğludur.

Tahir Kazımov xidmətdə olduğu 1967-1997-ci illərdə bir sıra rayonların polis idarələrinin rəisi, eləcə də Bakı Metropolitenində Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb, polkovnik rütbəsinədək yüksəlib.

Yazıçı kimi də tanınan Tahir Kazımov 1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik  Agentliyində direktor müavini, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri işləyib.

Birinci Qarabağ Müharibəsi veteran olan T. Kazımov bu ilin mart ayında 80 yaşında vəfat edib.

Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə Azərbaycanın tanınmış dilçi professorudur. Həmçinin əmisi oğlu İsmayıl Kazımov da ölkəmizin dilçi alimlərindəndir.

Əvvəlki məqalə

Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi –

Sonrakı məqalə

Britaniya Ukraynada həbs edilən Medvedçuka sanksiya tətbiq etdi