“Yeni Klinika”nın sabiq direktorunun cəzası azaldıldı –"Nə vaxtsa bəraət alacağam"

“Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq olunaraq Pərviz Abbasovun cəzası 5 il 6 aya, Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin cəzaları isə 5 ilə endirilib.

Bundan başqa, apellyasiya şikayəti verməmiş təqsirləndirilən Vüsalə Əliyevanın da cəzası 8 ildən 5 ilə endirilib. Vüsalə Əliyeva barəsində təyin olunmuş şərti cəza dəyişdirilməyib.

Məhkəmədə çıxış edən Pərviz Abbasov və digərləri qərardan narazı qaldıqlarını deyiblər. Pərviz Abbasov bir daha özünü təqsirli bilmədiyini deyib. O, nə vaxtsa bəraət alacağına əmin olduğunu qeyd edib.

Xatırladaq ki, ittiham olunan şəxslər Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli biliniblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub. Təqsirləndirilən digər şəxslər – “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası, “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub. (APA)

Əvvəlki məqalə

İnformatika fənni buraxılış imtahanlarına salınacaq

Sonrakı məqalə

Rusiya Bakının təkliflərini sülh sazişinin hazırlanması üzrə əsas götürür –