Yığmaya Azərbaycan mentalitetinə uyğun məşqçilər arasından seçim ediləcək- AFFA

AFFA-da baş məşqçi vəzifəsi ilə bağlı xüsusi işçi qrupu yaradılacaq.

Bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin fövqəladə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Qrupun həm İcraiyyə Komitəsindən, həm də kənardan üzvləri olacaq. Onlar tərəfindən baş məşqçi postuna namizədlərlə bağlı təkliflər veriləcək. Hər şey detallı şəkildə analiz olunduqdan sonra İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. İşçi qrupunun üzvləri ilə bağlı hazırda məlumat verə bilmirik. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə açıqlama veriləcək”.

AFFA rəsmisi iclasda müxtəlif fikirlər səsləndirildiyini vurğulayıb: “Yerli məşqçi məsələsi ilə bağlı müzakirələr də aparıldı. Millimizin növbəti oyunu gələn ilin martında olacaq. Yeni baş məşqçinin həmin matçdan bir neçə ay öncə müəyyənləşməsi daha məqsədəuyğun olar. Son tarix üçün konkret müddət təyin olunmayıb. Düşünürəm ki, yaxın 1-2 ay ərzində məsələ öz həllini tapa bilər”.

S.Hacıyev yeni baş məşqçi seçimində hansı kriteriyalara üstünlük veriləcəyini də açıqlayıb: “Ad əsas götürülməyəcək. Əsas kriteriyalardan biri odur ki, yerli mentaliteti və futbolçuları tanıyan mütəxəssisə üstünlük veriləcək. Azərbaycan mədəniyyətinə uyğun məşqçilər arasında seçim ediləcək. Milliyə 100 faiz yerli mütəxəssisin rəhbərlik edəcəyini demək çətindir. Amma yeni baş məşqçinin azərbaycanlı məşqçi olmaq ehtimalı da az deyil”.

Əvvəlki məqalə

İsrail Ədliyyə Nazirliyi azadlığa buraxılacaq 300 fələstinlinin siyahısını yayıb

Sonrakı məqalə

Əskik və artıq ödənilmiş pensiyaların əvəzləşdirilməsi norması müəyyənləşib