Yuxusuzluğa qarşı ən yaxşı içki:Mütəxəssislər bu şirəni tövsiyə edir

Yuxusuzluq və saatlarla yataqda gözləmək bir çox insanın qarşılaşdığı problemdir. Belə hallarda ənənəvi sakitləşdirici çaylar hər zaman kömək etmir. Mütəxəssislər isə gecə yuxusunun keyfiyyətini yaxşılaşdırmaq üçün gözlənilməz bir içkini önə çəkirlər.

Azpost.info bildirir ki, bu barədə Martha Stewart yazır.

NYU Langone Health-in Yuxu Mərkəzinin rəhbəri, doktor Alsiviyades Rodrigesin sözlərinə görə, söhbət turş albalı sortlarından hazırlanan şirədən gedir.

Mütəxəssis bildirir ki, turş albalı şirəsinin tərkibində təbii melatonin və triptofan var. Bu maddələr orqanizmin sutkalıq ritmlərinin tənzimlənməsində rol oynayır. İçkinin tərkibindəki antosianinlər və polifenollar isə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə seçilir.

Bununla belə, doktor Rodriges turş albalı şirəsinin yuxunu yaxşılaşdırması ilə bağlı klinik sübutların hələ tam qəti olmadığını da vurğulayır. Yəni bu içkini yuxusuzluğun müalicəsi kimi qəbul etmək düzgün deyil.

Mütəxəssislərin tövsiyəsinə görə, içkini böyük miqdarda qəbul etməyə ehtiyac yoxdur. Təxminən 230 millilitr 100 faizli turş albalı şirəsinin yatmazdan 1-2 saat əvvəl içilməsi kifayət hesab olunur.

Yuxuya müsbət təsir göstərə biləcək digər içkilər də var. Məsələn, ilıq süd triptofanla zəngindir. Çobanyastığı çayının tərkibindəki apigeninin isə sakitləşdirici təsiri olduğu bildirilir.

Lakin mütəxəssislər qeyd edirlər ki, yuxu problemini yalnız içkilərlə həll etmək mümkün olmaya bilər. Yatmazdan əvvəl ağır yeməklərdən və alkoqoldan uzaq durmaq, telefon və digər elektron cihazlardan istifadəni məhdudlaşdırmaq, gecə xəbər oxumağı azaltmaq, yataq otağında səs-küyü və temperaturu nəzarətdə saxlamaq da vacibdir.

Xroniki yuxusuzluq isə daha ciddi problemin əlaməti ola bilər. Davamlı yuxu pozuntusu yaşayan şəxslərin yalnız qida və içki dəyişikliklərinə güvənmək əvəzinə həkimə müraciət etməsi tövsiyə olunur.

Nadir

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.