“Zəfər paradında Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdi” –

Dövlət Başçısı
10 Dekabr 2020 - 19:20

“Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana təqdim edəcək”.

Bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev deyib ki, bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik bir yer tutur: “Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraqdar” böyük dəyişikliyə səbəb oldu, bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya Türk xalqının zəkasını, istedadını bir daha gördü, Türk sənayesinin inkişaf etmiş sənaye olduğunu bir daha gördü”.

Dövlət başçısı qeyd edib ki, bu gün tarixi gündür: “Ona görə ki, Zəfər paradında Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdi. Təkcə Bakı şəhəri deyil, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu, daha da geniş vüsət alıb. Bu, insanların ürəyindən gələn duyğulardır, bu, əsrlər boyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədirlər, bir-birlərinə qardaş deyirlər. Eyni zamanda bütün məsələlərdə biz bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl, sevincli günlərdə də, bugünkü gündə də birlikdəyik. Bu, təbiidir”.