Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc prezidentliyə namizəd olacaq.
Zahid Oruc bu barədə rəsmi açıqlama yayıb.
“Biz təkcə Birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın Yeni Yüzilinə-Zəfər Əsrinə səs veririk!
Tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır. Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk”-deyə Z.Oruc bəyanatında bildirib.
Müraciətdə deyilir ki, indi hər bir qalib azərbaycanlının həyatında sülh və əmin-amanlıq, bərpa və quruculuq, inkişaf və rifah, birgəyaşayış və milli qürur dövrü başlanır: “Bütün iddiaçı qüvvələrin seçkilərdə iştirakı daxildə siyasi barışı gücləndirəcək, 90-cı illər işğalının səbəb və nəticəsi olan mübarizə ənənələrinin Qarabağ münaqişəsi kimi tarixdə qalmasına, Zəfər platforması üzərində yeni siyasi sistemin inşasına təkan verəcəkdir. Bu işdə həmrəy olanlara qucaq açırıq. Gəlməyənlərə isə milyonlarla azərbaycanlı Albert Eynşteynin bu sözlərini deyəcək: “Bizə “yox” deyən hər kəsə minnətdarıq”.
O, sənədlərini sabah Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Qeyd edək ki, 7 fevral 2024-cü iıdə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.