Ərdoğandan Tovuz döyüşləri ilə bağlı mühüm bəyanat:

"Bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir"
14 İyul 2020 - 21:37

“Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və  ağır silahlarla törədilib. Bu, hadisənin hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir: “Məqsəd təxribat xarakterli yanaşma ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaq və bölgədə yeni toqquşma sahələri meydana çıxarmaqdır. Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək. Bölgəmizdəki və dünyadakı bütün siyasi, diplomatik və sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur. Bunu da xüsusi qeyd etmək istəyirəm. Öz torpaqlarında siyasi, iqtisadi problemləri, koronavirus pandemiyasından qaynaqlanan sağlıq, infrastruktur və digər geniş yayılan problemlərini həll edə bilməyən bir ölkənin belə bir hücuma başlaması öncə öz xalqına hörmətsizlikdir”.

R.T.Ərdoğan qeyd edib ki, ailələrinin dolanışığını təmin etmək üçün Türkiyədə çalışmaqda olan 10 minlərlə erməninin də dövlətlərinin bu məsuliyyətsiz davranışlarından narahat  olduqlarına  inanır: “Bölgə ölkələrinin Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən bəri davam edən aqressiv və işğalçılığı nümayiş etdirən davranışlarına qarşı prinsipial və səmimi bir duruş ortaya qoymağa dəvət edirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Bir daha şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.