Amazon şirkətinin qurucusu, sərvəti 372 milyard dollar qiymətləndirilən Ceff Bezos hesab edir ki, amerikalılara var-dövlət və uğuru düzgün qiymətləndirmək öyrədilməyib. Onun fikrincə, cəmiyyətdə böyük sərvətlərin mütləq başqa insanların istismarı hesabına əldə edildiyi barədə təsəvvür formalaşıb. Halbuki sahibkarlıq uğuru öz-özlüyündə insanı pis adama çevirmir.
Bezos 1994-cü ildə qarajda qurduğu kitabların internet üzərindən satış mağazasını Fortune 500 reytinqində yer alan ən böyük şirkətə çevirib. Hazırda 62 yaşlı sahibkar dünyanın ən varlı insanları siyahısında ikinci yerdədir.
Lakin Bezosun Fox News telekanalına son müsahibəsində bildirdiyinə görə, o, bu miqyasda sərvətə sahib olmağı qınanmalı hal hesab edənlərlə razılaşmır. “Düşünürəm ki, biz bəzi insanlara dünyaya istismar edənlər və istismar olunanlar prizmasından baxmağı öyrətdikləri, mənim fikrimcə, yanlış olan bir cəmiyyətdə yaşayırıq. Onlara uğurun sanki yaramazlıq olduğu fikri aşılanıb”, – deyə Bezos bildirib.
O əlavə edib: “Uğur insanı yaramaz etmir. Hətta fəaliyyətə hamburger köşkündən başlasanız belə, milyarder ola bilərsiniz”.
Bezos nümunə kimi təxminən on nəfərlik komanda ilə kiçik iaşə obyekti açan sahibkarı təsəvvür etməyi təklif edib. Zaman keçdikcə bu biznes minlərlə restoranı və əməkdaşı olan böyük şəbəkəyə çevrilə, onun təsisçisi isə milyarder ola bilər. “İşlər məhz belə gedir. İnsanların heyran olduğu, inanılmaz dərəcədə dadlı toyuq yeməyi hazırlamaqda heç bir qəbahət yoxdur. Bu da insanı pis adama çevirmir”, – deyə o izah edib.
Starbucks-ın keçmiş rəhbəri və JPMorgan Chase-in baş direktoru da var-dövlətin şeytanlaşdırılmasına qarşıdır
Bezos var-dövlət və uğurun avtomatik olaraq qınaq doğurmamalı olduğunu düşünən yeganə nüfuzlu sahibkar deyil.
Sərvəti təxminən 3,4 milyard dollar qiymətləndirilən Starbucks-ın keçmiş baş direktoru Hovard Şults da dəfələrlə vurğulayıb ki, onun kapitalı ədalətsiz üstünlüklərdən deyil, uzun illər davam edən zəhmətdən yaranıb.
2023-cü ildə ABŞ Senatının komitəsində keçirilən gərgin dinləmələr zamanı Şults “milyarder” sözünün özünün ittiham kimi işlədilməsinə qarşı çıxıb.
“Gəlin, “milyarder” damğası məsələsinə aydınlıq gətirək. Mən dövlət tərəfindən subsidiyalaşdırılan mənzildə böyümüşəm. Valideynlərimin heç vaxt öz evləri olmayıb, mənim də heç nəyim yox idi. Həyatım boyu düşünmüşəm ki, keçdiyim yol Amerika arzusunun gerçəkləşməsidir. Bəli, milyardlarla dollarım var. Mən bu pulu qazanmışam. Heç kim onu mənə hədiyyə etməyib”, – deyə Şults bildirib.
JPMorgan Chase bankının rəhbəri, sərvəti təxminən 3 milyard dollar olan Ceymi Daymon da oxşar mövqedən çıxış edir. O, əmlak bərabərsizliyi probleminin mövcudluğunu qəbul etsə də, insanın yalnız uğur qazandığına görə qınanmasına qarşıdır.
Daymon 2019-cu ildə 60 Minutes proqramına müsahibəsində mövqeyini belə ifadə edib: “Məncə, nasistləri qınamaq lazımdır, nəyəsə nail olmaq üçün səylə çalışan insanları deyil”.