Xəbər verildiyi kimi, bu il Azərbaycan iqtisadiyyatı, eləcə də siyasi və sosial həyatı üçün ən böyük hadisə olan «Əsrin müqaviləsi»nin 25 illiyidir.
1994-cü il sentyabrın 20-də prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti və səkkiz ölkəni təmsil edən xarici neft şirkətləri arasında imzalanmış müqavilə Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə yanaşı, ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklərin başlanğıcı oldu.
2017-ci ilin sentyabr ayında bu saziş əsrin ortalarınadək uzadıldı.
AÇG-nin 25 illiyi Azərbaycanın neft və qaz sənayesinin yeni tarixinin əlamətdar bir səhifəsidir. Bu ildönümü həm də SOCAR, BP və onun AÇG sazişindəki tərəfdaşları üçün əlamətdar bir tarixdir.
«Əsrin müqaviləsi» üzrə 25 illik əsas faktlar bunlardır:
- 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3.6 milyard bareldən artıq) neft hasil edilmişdir.
- Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3.3 milyard barel ACG nefti dünya bazarlarına daşınmışdır.
- 2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 4,300 tanker Ceyhan terminalından yola salınmışdır.
- Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən artıq AÇG səmt qazı Azərbaycana təhvil verilmişdir.
- AÇG layihəsinin əsaslı xərcləri 2019-cu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil etmişdir.
- 1994-cü ildə AÇG layihəsi başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləmişlər.
- 2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılmışdır.
- Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verildi. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.
- AÇG layihəsi çərçivəsində bir platforma – Çıraq platforması, yenidən qurulmuş, yeddi təzə platforma tikilmiş, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilmiş, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılmışdır.
- 2019-cu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu vardı.
- AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var, ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılmışdır. (Fed.az)