Mədə normal həzm prosesi üçün vacib olan iki əsas funksiyanı yerinə yetirir. O, qidanı mexaniki şəkildə emal edir və orqanizmə qida ilə daxil olan mikroorqanizmlərin zərərsizləşdirilməsinə kömək edir.
Həkim Vyalov bu barədə özünün “Telegram” kanalında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, mədə güclü əzələ orqanıdır. Mədə yığıldıqda qəbul edilən qidanı qarışdırır və xırdalayır. Nəticədə qida kimus adlanan homogen kütləyə çevrilir və daha sonra bağırsağa keçir.
Mədənin ikinci mühüm funksiyası xlorid turşusu ilə bağlıdır. Turş mühit qida ilə birlikdə orqanizmə daxil ola bilən mikroorqanizmlərin əhəmiyyətli hissəsinin məhv edilməsinə kömək edir.
Bundan başqa, xlorid turşusu pepsinogenin zülalların parçalanmasında iştirak edən ferment – pepsinə çevrilməsi prosesini başladır.
Həkim bildirib ki, mədənin möhtəviyyatının turşuluğu pH 1,5–2,0 səviyyəsinə çata bilər. Mədə sutka ərzində təxminən iki litr mədə şirəsi ifraz edir.
Bununla belə, mədənin öz divarları belə aqressiv mühitdən qorunur. Mədə selikli qişasının üzərində bikarbonatlarla zəngin selik təbəqəsi yerləşir. Bu maddələr turşunu birbaşa selikli qişanın yaxınlığında neytrallaşdıraraq mədənin zədələnməsinin qarşısını almağa kömək edir.
Qastroenteroloq Natalya Slyunyayeva daha əvvəl mədənin adaptiv sekresiya mexanizmini izah edib. Onun sözlərinə görə, qida mədəyə daxil olduqdan sonra vəzilər yeni xlorid turşusu və pepsin porsiyaları ifraz etməyə başlayır.
Mütəxəssis həmçinin qeyd edib ki, adi su həzm prosesini əhəmiyyətli dərəcədə pozmağa vaxt tapmır.