170 milyon uşaq piylənmədən əziyyət çəkir– ÜST-dən xəbərdarlıq

Dünyada 170 milyondan çox uşaq və yeniyetmə piylənmədən əziyyət çəkir. Bu xəstəliyin 5-19 yaş qrupunda yayılması 1990-cı ildən bəri 4 dəfə artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın açıqlamasına görə, 2024-cü ildə 5-19 yaş arasında 170 milyon uşaq və yeniyetmədə piylənmə qeydə alınıb. Onların 70 milyonu 5-9 yaşlı uşaqlar, 100 milyonu isə 10-19 yaşlı yeniyetmələr olub.

Bu yaş qrupunda piylənmənin yayılma səviyyəsi 1990-cı ildən etibarən 4 dəfə artaraq 2 faizdən 8 faizə yüksəlib.

ÜST qeyd edib ki, piylənmənin qarşısının alınması və müalicəsi uşaqların və yeniyetmələrin fiziki və psixi sağlamlığının qorunması, sağlam böyüməsi, təhsili, sosial rifahı və həyat keyfiyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

ÜST ilk dəfə olaraq uşaqlarda piylənmənin müalicəsi ilə bağlı xüsusi tövsiyələr hazırlayıb.

Təşkilat uşaqlar üçün fiziki aktivlik, sağlam qidalanma və davranış dəyişikliklərinə yönəlmiş müdaxilələri tövsiyə edir.

Eyni zamanda ÜST 0-9 yaşlı uşaqlarda piylənmənin dərman vasitələri ilə müalicəsini, bariatrik cərrahiyyəni və çəki azaltmağa yönəlmiş tibbi cihazlardan istifadəni tövsiyə etmir. Bariatrik əməliyyatlar mədə və ya həzm sisteminin quruluşunu dəyişməklə çəkinin azaldılmasına yönəlir.

ÜST vurğulayıb ki, piylənmənin yayılmasının artmasının qarşısını yalnız müalicə yolu ilə almaq mümkün deyil.

Təşkilat ölkələri sağlam qidalanma və fiziki aktivliyin insanlar üçün daha əlçatan və münasib qiymətli olması məqsədilə müxtəlif tədbirlər görməyə çağırıb.

Bu tədbirlərə qanunvericilik və tənzimləmə mexanizmləri, vergi siyasəti, eləcə də təhsil, şəhərsalma, nəqliyyat və sosial müdafiə sahələrində dəyişikliklər daxildir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.