Əcnəbi narkotacirin “malı”nı daşıyan Salyan sakini tutuldu –5 kilo heroin ələ keçdi

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Qasımov rayon ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əlində olan torbadan külli miqdarda, yəni 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Qasımov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitəni 500 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Əvvəlki məqalə

Şamaxıda qonaq toyda öldü

Sonrakı məqalə

Britaniya səfiri Horadizə gedir