2030-cu ilə qədər silahlı qüvvələrdə məlumat toplaya və demək olar ki, insan müdaxiləsi olmadan qərarlar qəbul edə bilən süni intellekt əsaslı zabitlər meydana çıxa bilər.
Bu proqnozu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru, istefada olan general Devid Petreus səsləndirib.
“Independent” nəşrinin məlumatına görə, Petreus bu fikirləri hərbi əməliyyatlarda süni intellektdən istifadəyə dair müzakirələrin genişləndiyi bir vaxtda bölüşüb.
Onun fikrincə, qarşıdakı dörd il ərzində ordular avtonom sistemləri tətbiq etməyə başlayacaqlar. Bu sistemlər yalnız ayrı-ayrı tapşırıqları yerinə yetirməklə kifayətlənməyəcək, həm də digər avtonom sistemlərin fəaliyyətini əlaqələndirə biləcəklər.
“Cəmi dörd ildən sonra avtonom sistemlərimiz olacaq. Düşünürəm ki, digər avtonom sistemlərdən ibarət ilk sistemlər də meydana çıxacaq. Süni intellekt agentlərimiz olacaq — bir növ süni intellekt əsasında işləyən qərargah zabitləri”, – Petreus investor Finn Mörfi ilə Forecast2050 podkastı üçün söhbətində bildirib.
Petreusun sözlərinə görə, belə sistemlər məlumatları toplayıb təhlil edə, həmçinin insanın minimum müdaxiləsi ilə əməliyyat qərarlarının qəbulunda iştirak edə biləcəklər.
Bu proqnoz hərbi sahədə süni intellektin rolunun gələcəkdə daha da artacağına işarə edir. Bununla belə, sözügedən sistemlərin nə vaxt və hansı miqyasda tətbiq ediləcəyi orduların texnoloji imkanlarından və qərarların qəbulunda insan nəzarətinin necə təşkil olunacağından asılı olacaq.