Jurnalistlər Zabux və Sus kəndlərində olub

Bir qrup KİV nümayəndəsi Azərbaycanın nəzarətinə keçən Laçın rayonun Zabux və Sus kəndlərində olub.

Səfərdə jurnalistlərlə yanaşı hərbi ekspert, laçınlı hərbi qulluqçular da iştirak edir.

İlk olaraq Zabux kəndində ermənilər tərəfindən yandırılan evlərə, inzibati binalara, meşə massivinə baxış keçirilib. Erməni ailələri kəndi tərk edərkən bir neçə evi, meşə ərazilərini yandırmaqla yanaşı, bəzi evləri tamamilə yararsız vəziyyətə salıblar. Lakin Laçın şəhərindən fərqli olaraq Zabux kəndində yaşamaq üçün yararlı vəziyyətdə olan evlər də var.

Daha sonra Sus kəndinə baş çəkən jurnalistlər burada da eyni mənzərənin şahidi olublar. Ermənilər tərəfindən Sus kəndində işğal altında qaldığı 30 il ərzində heç bir abadlıq işi görülməyib. Həmçinin düşmən kənd ərazisindəki beton zavodunu da dağıdıb, meşə massivi məhv edilib.

Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Əvvəlki məqalə

Təhsil tələbə krediti almaq üçün tələb olunan bal aşağı salınıb

Sonrakı məqalə

Azərbaycanda daha 561 nəfər COVID-19-a yoluxub