ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Brayan Fitspatrik Rusiya neftinin alınmasını tamamilə qadağan etməyi nəzərdə tutan ikipartiyalı qanun layihəsinin hazırlanmaqda olduğunu açıqlayıb.
Konqresmenin sözlərinə görə, “Ronald Reyqan – Güc vasitəsilə sülh haqqında Akt” adlandırılan qanun layihəsi həm respublikaçıların, həm də demokratların dəstəyini nəzərdə tutur.
Fitspatrik bildirib ki, sənədin səsverməyə çıxarılmasını təmin etmək üçün Nümayəndələr Palatasında xüsusi prosedurdan — discharge petition mexanizmindən istifadə edəcək. Bu prosedur müəyyən şərtlər yerinə yetirildikdə qanun layihəsinin komitənin nəzarətindən çıxarılaraq Palatanın müzakirəsinə və səsverməsinə çıxarılmasına imkan verir.
Təklif qəbul edilərsə, ABŞ-ın Rusiya neftinin alınmasına münasibətində daha sərt mövqe ortaya qoyula bilər.