1846-cı ildən bu günə qədər Azərbaycanda 2 milyard ton neft çıxarılıb –

SOCAR
07 Oktyabr 2021 - 17:27

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına başlanmasından (1846-cı il) 01.01.2021-ci il tarixinə qədər 2,11 mlrd. tondan artıq neft hasil edilib.

SOCAR-ın illik hesabatında verilən məlumata görə, hesabat dövründə ölkədə və 900 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Hesabata əsasən, “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarından neft və qaz hasilatına başlanması tarixindən (1997-ci il) 01.01.2021-ci il tarixinə qədər 523,9 mln. ton neft və 176,7 mlrd. kubmetr qaz hasil edilib.

“Bu yataqlardan hasil edilmiş neftin 309,4 mln. tonu Azərbaycanın “mənfəət” nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan verib”, – hesabatda deyilir.

Qeyd olunur ki, bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında “Hasilatın pay bölgüsü” tipli 37 saziş imzalanıb. Bunlardan 21 saziş Xəzərin Azərbaycan sektorunu, 16 saziş isə quru sahələrini əhatə edir ki, hazırda bunlardan 18 saziş üzrə (7 dəniz, 11 quru sahələri üzrə) işlər həyata keçirilir.