Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi dövlət qulluqçuları və hüquq-mühafizə orqanları əməkdaşlarının adından istifadə etməklə törədilən kiberdələduzluq hallarına qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplarla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxslər Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyevdir.
Araşdırma zamanı müəyyən edilib ki, şübhəlilər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə saxlayaraq onları yerli mobil operatorlara məxsus elektron nömrələr, bank kartları və digər məlumatlarla təmin ediblər.
2 mindən çox kart və nömrə dövriyyəyə buraxılıb
Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrəni kibercinayət əməllərinin törədilməsinə yönəltdikləri aşkarlanıb.
DİN bildirir ki, həmin kart və mobil nömrələrin bir qismi qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı da istifadə olunub.
Hazırda saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində də araşdırmalar aparılır.
DİN vətəndaşlara müraciət edib
Nazirlik vətəndaşları bank kartı və mobil nömrə məlumatlarını üçüncü şəxslərə verməməyə çağırıb.
DİN xüsusilə xəbərdarlıq edir ki, bank kartı və ya mobil nömrənin cinayət əməllərində istifadə olunması üçün başqa şəxslərə təqdim edilməsi yolverilməzdir.
Əgər vətəndaş bank kartından və ya mobil nömrəsindən qanunsuz məqsədlərlə istifadə edildiyini müəyyən edərsə, hesabına mənbəyi şübhəli pul vəsaiti köçürülərsə, mobil nömrəsinə şübhəli SMS-lər gələrsə və ya ona ödəniş müqabilində bank kartı məlumatlarını təqdim etmək təklif olunarsa, dərhal polisə məlumat verməsi tövsiyə edilir.