2020-ci il dövlət büdcəsi necə icra olunub? –

Maliyyə Nazirliyi açıqladı (RƏQƏMLƏR)
10 Fevral 2021 - 17:44

2020-ci il üzrə dövlət büdcəsinin mədaxili 24124,0 mln. manat proqnoza qarşı 24679,2 mln. manat və ya 102,3 faiz icra olunub. Bu da 2019-cu illə müqayisədə 461,1 mln. manat və ya 1,9 faiz çoxdur.

 Azpost.info bildirir ki, bu barədə Maliyyə Nazirliyinin 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatında açıqlanıb.

2020-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10677,2 mln. manat və ya 105,4 faiz icra edilib. Bu da 2019-cu illə müqayisədə 63,7 mln. manat və ya 0,6 faiz çoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7387,2 mln. manat vəsait təmin edilib. Bu da proqnoza nisbətən 197,2 mln. manat və ya 2,7 faiz çoxdur.

Həmin vəsaitin 75,6 faizi və ya 5585,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 185,1 mln. manat və ya 3,4 faiz, 2019-cu illə müqayisədə 153,1 mln. manat və ya 2,8 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3938,2 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 108,2 mln. manat və ya 2,8 faiz çoxdur.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdə transfert, yəni 12200,0 mln. manat vəsait daxil olmuşdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 596,1 mln. manat təşkil etmişdir ki, bu da proqnozdan 207,9 mln. manat və ya 25,9 faiz az, 2019-cu illə müqayisədə isə 17,2 mln. manat və ya 3,0 faiz çoxdur.

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə dövlət əmlakının icarəyə verilməsindən daxilomalar üzrə 10,3 mln. manat vəsait təmin etmişdir ki, bu da proqnoza nisbətən 2,3 mln. manat və 28,8 faiz çoxdur.

 

 

Dövlət büdcəsinə sair daxilolmalar üzrə 547,4 mln. manat vəsait daxil olub.

Operativ məlumatlara əsasən 2020-ci ildə dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza nisbətən 96,1 faiz və ya 26416,3 mln. manat icra olunmuşdur ki, bu da 2019-cu illə müqayisədə 1990,4 mln. manat və ya 8,1 faiz çoxdur.

Dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirilməsinə nail olunub.

2020-ci il dövlət büdcəsi xərclərinin 16364,0 mln. manatı və ya 62,0 faizi cari xərclərə yönəldilib. Bu da 2019-cu illə müqayisədə 2835,1 mln. manat və ya 21,0 faiz çoxdur.

 

Cari xərclər üzrə artım əsasən 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının və ölkədə pensiya və sosial ödənişlər üzrə baş vermiş artımların qarşlanmasına 2039,9 mln. manat, koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyatda yaratdığı mənfi təsirlərin azaldılmasına və mübarizə tədbirlərinə 609,0 mln. manat, ali təhsilin maliyyələşmədirilməsinə 186,2 mln. manat vəsait yönəldilib.

 

2020-ci ilin dövlət büdcəsindən 8326,1 mln. manatı və ya 31,5 faizi əsaslı xərclərə (2019-cu illə müqayisədə 1046,1 mln. manat və ya 11,2 faiz az), 1726,2 mln. manatı və ya 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2019-cu illə müqayisədə 201,4 mln. manat və ya 13,2 faiz çox) yönəldilib.

 

2020-ci ildə 2019-cu illə müqayisədə səhiyyə xərclərinə 1,9 dəfə və ya 814,0 mln. manat, sosial müdafiə və sosial təminat xərclərinə 36,2 faiz və ya 828,1 mln. manat, müdafiə və milli təhlükəsizlik xərclərinə (cari xərclər, dövlət investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 36,1 faiz və ya 1072,6 mln. manat, təhsil xərclərinə 26,4 faiz və ya 579,9 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 21,0 faiz və ya 317,1 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 7,3 faiz və ya 23,2 mln. manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 2,1 faiz və ya 22,7 mln. manat çox vəsait yönəldilmişdir.

 

Dövlət büdcəsi xərclərinin 36,5 faizi və ya 9652,0 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2019-cu illə müqayisədə 1890,7 mln. manat və ya 24,4 faiz çoxdur.

 

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3787,5 mln. manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4426,8 mln manat vəsait ayrılmışdır ki, bu da 2019-cu illə müqayisədə 1072,6 mln. manat və ya 36,1 faiz çoxdur.

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.

 

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1985,6 mln. manat vəsait istifadə olunub.

Həmin vəsaitdən 612,5 mln. manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilmişdir.

Bununla yanaşı, qlobal pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1334,1 mln. manat vəsait sərf olunub.

 

Qeyd olunan vəsait hesabına pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, 107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi, sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlığın inkişafına əlavə dövlət dəstəyinin göstərilməsi, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə əlavə ödənişli ictimai iş yerlərinin yaradılması, həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsi, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması, respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsi, əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. həcmində artırılması ilə bağlı xərclər maliyyələşdirilib.

 

2020-ci il ərzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 mln. manat məbləğində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 17,0 mln. manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 mln. manat və 18 xarici ölkəyə 18,9 mln. manat beynəlxalq yardımlar göstərilib.

 

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri üçün 143,9 mln. manat vəsait yönəldilmişdir. Həmin vəsaitin 72,9 mln. manatı vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi məqsədilə sosial mənzillərin tikintisinə, 71,0 mln. manatı isə ipoteka layihələrinin maliyyələşdirilməsinə sərf edilmişdir.

 

Dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35,0 mln. manat vəsait ayrılmış və həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 ədəd tam təmirli mənzil alınmış və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

 

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2020-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 765,6 mln. manat vəsait yönəldilmişdir ki, onun da 565,6 mln. manatının dövlət büdcəsindən, 200,0 mln. manatının isə Dövlət Neft Fondunun büdcəsindən ayrılmış vəsait təşkil edir.

Qeyd olunan vəsaitin 360,2 mln. manatı qaçqın və məcburi köçkünlərə verilən müavinətlərə (331,5 mln. manat), bəzi kommunal xidmətlərin dəyərinin ödənilməsinə (17,1 mln. manat), qeyri-maddi aktivlərin, maşın və avadanlıqların alınmasına (4,4 mln. manat), cari təmir, bank xidmətləri xərclərinin ödənilməsi, digər xidmətlərin və ödənişlərin maliyyələşdirilməsinə (5,2 mln. manat) yönəldilmiş, 407,4 mln. manatı isə məcburi köçkünlər üçün mənzillərin və evlərin tikintisinə istifadə olunmuşdur.

 

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 402,7 mln. manat vəsait yönəldilmişdir ki, bu da 2019-cu illə müqayisədə 63,3 mln. manat və ya 18,7 faiz çoxdur.

 

2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilmiş yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyaları verilməsinə başlanılmışdır.

Bundan başqa, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən lizinqə götürülən və satınalınan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20,0 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40,0 faizi həcmində güzəşt tətbiq edilmişdir.

Qeyri-neft məhsullarının ixracının təşviqi üçün 2020-ci ilin dövlət büdcəsindən 12,7 mln. manat vəsait sərf edilmişdir.

 

2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 mln. manat maliyyə yardımı ayrılmışdır.

 

Kütləvi informasiya vasitələrinin (“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) fəaliyyətinin təmin olunması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilmişdir.

 

Vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunması, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilarlarına maliyyə yardımının göstərilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən 5,4 mln. manat vəsait ayrılmışdır.

 

2020-ci ilin dövlət büdcəsindən investisiya xərclərinə 4751,7 mln. manat vəsait yönəldilmişdir.

Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 648,4 mln. manat, müdafiə və hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi, əsaslı təmiri və yenidən qurulması üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 755,1 mln. manat vəsait istifadə olunmuşdur.

Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına 2514,4 mln. manat vəsait yönəldilmişdir.

 

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, Azərbaycan Hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 798,9 mln. manat məbləğində vəsait ölkəmizdə yolların, kanalizasiya sistemlərinin, su təchizatı, kənd təsərrüfatı və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına istifadə olunmuşdur.

Hesabat ilində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 34,9 mln. manat vəsait sərf edilmişdir.

 

Hesabat ilində əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 436,2 mln. manat vəsait yönəldilmişdir.

Bu vəsaitin 233,1 mln. manatı təhsil, səhiyyə, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, 142,9 mln. manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisi və yenidən qurulmasına, 60,2 mln. manatı isə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər zəruri ehtiyacların maliyyələşdirilməsinə yönəldilmişdir.

 

2020-ci il dövlət büdcəsinin icrası prosesində ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq 2020-ci il dövlət büdcəsində birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş vəsait və dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait də nəzərə alınmaqla, dövlət büdcəsinin Ehtiyat Fondundan 631,7 mln. manat vəsait istifadə olunmuşdur.

 

Bu vəsaitin 384,3 mln. manatı koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına, 139,6 mln. manatı xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə, 31,2 mln. manatı bir sıra sosial, 53,2 mln. manatı nəqliyyat, enerji, kənd təsərrüfatı, su təchizatı və s. təyinatlı infrastruktur layihələrinin, 23,4 mln. manatı isə digər zəruri tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir.

 

2020-ci ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri tam məbləğdə və ya 300,0 mln. manat icra edilmişdir ki, bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına yönəldilmişdir.

 

2020-ci ildə dövlət borcuna xidmətlə əlaqədar xərclərə dövlət büdcəsində nəzərdə tutulmuş 1726,2 milyon manat vəsait yönəldilərək istifadə olunmuşdur.

 

2020-ci ilin dövlət büdcəsində beynəlxalq fəaliyyət, beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara üzvlüklə bağlı və digər xərclərə 179,7 mln. manat vəsait sərf olunmuşdur.

 

2020-ci ildə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının 73 diplomatik nümayəndəlik və konsulluqların, xarici ölkələrdə ticarət nümayəndəliklərinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 113,3 mln. manat vəsait yönəldilmişdir.

 

2020-ci ildə dövlət büdcəsinin kəsiri 1737,1 mln. manat, ümumi daxili məhsulun 2,4 faizini təşkil etmiş və ya proqnozlaşdırılan kəsir məbləğindən 1631,1 mln. manat və ya 48,4 faiz az olmuşdur.

 

Kəsirin qarşılanması aşağıdakı mənbələr, o cümlədən 800,5 milyon manatı xaricdən cəlb edilmiş kreditlər, 283,6 milyon manatı qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar, 591,5 milyon manatı 2020-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və 61,5 milyon manatı özəlləşmədən daxilolmalar hesabına həyata keçirilmişdir.

Operativ məlumatlara əsasən 2020-ci ilin icmal büdcəsinin gəlirləri 24462,5 mln. manat təşkil etmişdir ki, bu da proqnoza nisbətən 2099,6 mln. manat və ya 9,4 faiz çoxdur.

 

2020-ci ilin icmal büdcəsinin xərcləri 29160,3 mln. manat olmuşdur ki, bu da 2019-cu illə müqayisədə 2654,2 mln. manat və ya 10,0 faiz çoxdur.

İcmal büdcənin kəsiri 4697,8 mln. manat təşkil etmişdir ki, bu da proqnoza nisbətən 40,9 faiz azdır.