2024-cü il başa çatır. Daha bir il ömür payımıza yazıldı.
Bəs ötüb keçən il ölkəmiz üçün hansı hadisələr və mesajlarla yadda qaldı?
İlin yekunları “Azpost MEDİA”-nın hazırladığı VİDEO-da!
Azərbayanda 2024-cü ilin yanvarın 31-də Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd edildi.
Azərbaycan Xalq Cümhuriyyəti Rusiya İmperiyasının tərkibində pərakəndə halda olan torpaqlarımızın vahid inzibati -coğrafi sərhədini yaradaraq Azərbaycan dövlətini tarixin avansəhnəsinə çıxardı.
Bu elə bir təkzib edilməz fakt idi ki, Rusiya həmin sərhədləri heç vaxt təftiş edə bilmədi. AXC-dən sonra yaranmış sovet Azərbaycanı məhz Cumhuriyyətin cızdığı sərhədlər çərçivəsində SSRİ-nin tərkbinə girdi.
AXC-nin şanlı tarixi bizə bu günkü müstəqil Azərbaycanı və onun sərhədlərini miras qoydu.
Məhəmməd Əmin Rəsulzadə və Cumhuriyyətin digər rəhbərlərinin məşəqqətləri hesabına tarixdə qoyduqları bu İZ dünənə qədər imperiyanın ucqarlarında itib batan bir xalqı dünya xəritəsinə çıxartdı.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Prezident İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəldi. Bu, seçki Vətən müharibəsindən sonrakı dövrün yeni çağırışlarına əsaslanan ciddi bir mesaj oldu.
Azərbaycanın bütün ərazilərini -Dağlıq Qarabağdan tutumuş Lerikə qədər əhatə edən son seçki 1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilmiş seçkilər olmuşdu. O zamandan sonra ölkəmiz bütün seçkilərə Qarabağsız gedib.
Bu il Prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçirildi.
İlham Əliyev bu seçki ilə Ermənistanla imzalanacaq sülh sazişi üçün bir daha xalqın legitim dəstəyini aldı.
Bu, müharibədən sonra yaranmış mürəkkəb beynəlxalq vəziyyət baxımından, Azərbaycana təzyiqlər fonunda həddən artıq vacib məsələ idi.
Ölkə üçün ən mühüm hadisə Bakıda keçirilən BMT-nin COP29 konfransı oldu.
Bakı konfransı iqlim problemləri ilə bağlı mühüm mesajlarını verdi, ciddi məslələri müzakirə etdi.
Azərbaycan bu konfransın təşkilatçısı olaraq dünya dövlətlərinə müzakirələr üçün masa təşkil edə bildi.