Rusiya mediasının Sov.İKP MK-nın keçmiş baş katibi Leonid Brejnevin övladlığa götürülmüş nəticəsi kimi təqdim etdiyi Anton Milayev cinayət işi üzrə axtarışa verilib.
Bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yerləşdirilib. “Kommersant”ın məlumatına görə, Milayevin hansı maddə ilə axtarıldığı açıqlanmayıb.
Anton Milayev Ukraynaya qarşı müharibədə iştirak edib. Ötən ilin noyabrında onun itkin düşdüyü bildirilib. Bu ilin yayında isə hərbçinin Ukrayna əsirliyində olduğu məlum olub. Bu barədə onun anası İrina Kuznetsova “Baza” Telegram kanalına müsahibəsində danışıb.
Anton Milayev 1980-ci ildə Moskvada anadan olub. O, sirk artisti Yevgeni Milayevin doğma nəvəsidir. Yevgeni Milayev Sovet İttifaqının rəhbəri Leonid Brejnevin qızı Qalina Brejnevanın ilk həyat yoldaşı olub.