Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqızının şair və dramaturq, nasir və publisist, tərcüməçi, Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Hidayət Orucovdan aldığı müsahibəni təqdim edir.
Jurnalistin arxivində yer alan bu müsahibə ilk dəfədir internet mediada yayımlanır.
***
“Anam hələ də mənə sirr kimi qalır”
Açığı, dövlət məmurlarının o qədər də həvəsi olmayan bu söhbətçün Hidayət Orucovu seçməyimin əsas səbəbi qələm əhli olmağıydı. “Mütləq, dil taparıq” –dedim. Tapdıq da. Amma… Bəzən söhbətimizin hərlənib-fırlanıb yenə çərçivəyə girməsi ya iş otağının ab-havasından, ya da müsahibimin daha çox rəsmi adam olmağından qaynaqlanırdı. Əlbəttə, onunçün sözlərin ütüsünü pozmaq biz bildiyimiz qədər də asan iş deyil. Beləcə, yazını qənşərinizə çıxarmaq, dada-tama gətirməkçün istiotunu, duzunu qatmaq mənim boynuma düşdü…
– Hidayət müəllim, uşaqlığınız yadınızdadı?
Deyəsən, sualımdan həm xoşhal oldu, həm də rahatsız. Dodağı qaçdı. Sonra ciyərdolusu köks ötürüb yerində qurcalandı.
– Uşaqlığım maraqlı, itirilmiş, amma həmişə mənimlə olan dünyamdı. Təəssüf ki, o illəri nə publisist, nə də bədii yazılarımda verə bilmişəm. Nə vaxt olub, nə də… Əvvəllər heç maraqlanmırdım da. Amma zaman keçdikcə görürəm ki, bir insan kimi formalaşmağımda o dövrün rolu böyükdü.
– Uşaqlıqda ən xırda detal, təsadüfi bir kəs belə həyatımızın səmtini dəyişə bilir. Biri dağ başında quzu otarmağın “bəlasına” düşüb şair olur, biri…
– Quzu otarmaqdan da, fəhlə işləməkdən də, ot biçməkdən də təsirlənmişəm. Daha geniş mənada götürəndə o təbiət, tarixi incilər, hadisələr, canlı insanlar- hamısı mənim mən olmağıma səbəbdi. Amma hamıdan, hər şeydən daha çox məni anam heyrətləndirib. Ağlıyla, hadisələrə düzgün qiymət verməyiylə, həm ata, həm ana olmağı bacarmağıyla. Anam hələ də mənə sehr, sirr kimi qalır. Savadsız bir insanda o qədər informasiya, düşüncə, dərinlik hardanıydı?! Atamı itirəndə heç birinci sinfə də getmirdim. O, bir yuxu kimi yadımda qalıb. Hətta bədii əsərlərimin birində yazmışam ki, kaş möcüzə baş verə, biz görüşək. Görəsən, mən onu tanıyaram? Əminəm ki, o tanıyar.
– Uşaqlıqda heç döyülmüsüz?
– Bir dəfə böyük qardaşım bərk əsəbiləşib, sillə vurub.
– Bircə bu?
– Başqa yadıma gəlmir.
– Yəqin sözəbaxan olmusuz…
– Nə sakitiydim, nə də dəcəl.
– Uşaq vaxtı adam bəzən çox dəymədüşər olur. Kimsə xətrinə dəyəndə onu cəzalandırmaqçün evdən qaçıb getmək istəyir. Sizdə belə şeylər olub?
– Həə, uşaqlarda olur belə şeylər. Amma mən evin sonbeşiyi olmuşam, hamının diqqəti məndəydi. Çox da küsəyən deyildim. Bircə dəfə küsmüşəm, düz 7 gün heç kimi danışdırmamışam. O vaxt oxuduğum məktəbin yataqxanasında qalırdım. Hər həftənin sonu evə gəlirdim. Ailəmizin maddi vəziyyəti ağır idi. Evdən təkid eləyirdilər ki, bir il məktəbdən ayrılıb işləyim. Gələn il qonşu kənddə orta məktəb açılacaq, ora gedim. Onda hamıdan küsdüm, həmin həftə acığımdan evə gəlmədim.
– Yəqin ki, futbol oynamısız…
– Futbol, voleybol, şahmat…Amma peşəkar futbolçu olmamışam. Orta məktəbdə voleybol yarışlarında oynamışam.
– Uşaqlıqda məftildən araba düzəldib sürməmisiz?
Gülür. Sonra düşünür. Bu dəfə, deyəsən, lap sarı simə toxundum.
– Rəhmətlik İsa İsmayılzadənin bir şeiri var:
Mənim oyuncağım olmayıb heç vaxt
Hərdən kövrəkləşib uşaqlaşanda,
Təmkindən, qürurdan, nə bilim, nədən,
Bircə addımlığa uzaqlaşanda
Özümə oyuncaq almağım gəlir…
Mənim də uşaqlıqda bircə oyuncağım olub. Bacım almışdı. Yerində fırlanırdı. Sonra mən də qızıma həmin oyuncaqdan aldım.
– Tələbəliyinizi necə xatırlayırsız?
– Universitetin filologiya fakültəsində oxuyurdum, birinci kursdan sonra ailə vəziyyətimlə bağlı qiyabiyə keçdim. İşləməyə başladım.
– Onda ailə qurmuşduz?
– Yox, anamgilin vəziyyəti yaxşı deyildi. Sonra məni “Sovet Ermənistanı” qəzetinə işə dəvət elədilər. İnstitutu bitirən kimi də İrəvan Dövlət Azərbaycan Teatrına direktor təyin olundum. O vaxt 24 yaşımdaydım. Gəncliyimin iki ili redaksiyada, on altı ili teatrda, doqquz ilisə “Gənclik” nəşriyyatında keçdi.
– Deməli, müxbir də işləmisiz?
– Həə, o vaxt müxbir yox, ədəbi işçi deyirdilər. Oçerklər, reportajlar yazırdım. Redaksiyaya gedəndə 22 yaşımdaydım. Məndən başqa ən cavanının qırx yaşı vardı. Hamısı təcrübəli jurnalistləriydi. Müəyyən baryerlər də qoyulurdu, mən onları keçib gəlmişəm.
– Nə vaxt ev almısız?
– Ev almışam?
– Həə, rayondan gələnlər şəhərdə özünə ev-eşik düzəldənə qədər qocalarımız demişkən, kirpiyi ilə od götürür. Deyirəm, yəni arxa duran, əlinizdən tutan olub, yoxsa..?
– Hər şeyi özüm düzəltmişəm. Əvvəllər kirayədə qalırdım. Hətta teatrın direktoru təyin olunanda da. Sonra ikiotaqlı, daha sonrasa üçotaqlı mənzil verdilər. Həmin evi dəyişib Bakıya gəldim.
– Hamıdan gizli saxladığınız bir sevdanız varmı?
– Yoxdu elə şey.
Susur. Sonra:
– Həyatım elədi ki…sevdam ailəmdi, cəmiyyətdi, Azərbaycandı.
– Onda icazə verin, ayağımı evinizin kandarından “içəri basım”.
– Buyurun.
– Sizcə, evinizdə ilkin duyulanlar nələr olar?
– Dədə-babadan qalan ənənələr, böyük-kiçik yeri. Bizdə əsas meyar mənəvi dəyərlərdi.
– Bizim ailələrdə, adətən, liderlik kişilərin qismətinə düşür. Sizin evdə necədi?
– Əlbəttə, ailədə kişinin nüfuzu kifayət qədər yüksək olmalıdı. Təkcə kişi olduğuna görə yox. Dəyərlərinə, səviyyəsinə, kişilik borcuna, vəzifəsinə görə. Qadının məsuliyyətisə daha çoxdu. Çünki ev-eşiklə daim ünsiyyətdə olur.
– Hər şeydən: işdən, gücdən yorulduğunuz vaxt başınızı götürüb harasa dincəlməyə gedirsiz?
– Ancaq evdə dincələ bilirəm.
– Vəzifəli kişilər vaxt azlığından bəzən xanımlarına yetərincə diqqət, zaman ayıra bilmir. Sizdə belə bir problem yaşanmır ki?
– Məncə, kişi hansı vəzifədə olursa, olsun, ailəsinə diqqət yetirməlidi. Lap öz istirahəti bahasına. Həmişə çalışmışam ki, işdən nə qədər gec çıxsam da, ezamiyyətlər başımı qatsa da, evin problemləriylə özüm məşğul olum.
– Bazar-dükana kim gedir?
– Uşaqlar da, yoldaşım da.
– Maraqlıdı, xanımınızla necə tanış olmusuz?
– Dördüncü sinifdə oxuyurduq. 13 yaşım təzəcə tamam olmuşdu. 9 yaşımda birinci sinfə getmişəm axı… Xoşuma gəldi. Amma bunu ona onuncu sinifdə oxuyanda dedim.
– Nə cavab verdi?
– Məmnuniyyətlə qəbul elədi. Hiss eləmişdi. Bilirdi ki, ona marağım var. Ona görə də deyəndə müəyyən qədər hazır idi.
– Toyu nə vaxt elədiz?
– Orta məktəbi bitirəndən 7 il sonra.
– Hidayət müəllim, sizcə, kişilər niyə qadınların azadlığını əlindən alır?
– Azadlıq məfhumu çox genişdi. Ən azad ailənin də öz qadağaları var. “Hər ailə kiçik bir dövlətdi”-desək, onda bu dövlətin də öz qanunları mövcuddu. Bu qanunlara kişi də, qadın da əməl eləməlidi. Bu baxımdan qadın həm azad, həm də kişinin nəzarətində olmalıdı. Ümumiyyətlə, ailədə mütləq azadlıq yoxdu. Əgər varsa, onun adı azadlıq yox, anarxiyadı.
– Amma qadınlardan fərqli olaraq, adətən, kişilərin çoxu evə gec gələcəklərini, ya da başqa bir yerdə gecələyəcəklərini xanımına xəbər verməyi özlərinə borc bilmirlər? Bu, qanunların pozulması deyil?
– Mən hardayamsa, yoldaşım da, uşaqlarım da bilir. Zəng vurub özüm deyirəm.
– Xanımınızın biş-düşündən, mətbəx səliqəsindən razısız?
– Razıyam. Elə yeməklər var ki, onları heç kəs onun kimi bişirə bilməz. Qohum-qardaş bizə gələndə xahiş eləyirlər ki, həmin yeməklərdən bişirsin.
– Bəs siz ən çox hansı xörəkləri xoşlayırsız?
– Mənim xüsusi menyum yoxdu. Sadəcə, bəzi yeməklər var ki, onları sevmirəm. Məsələn, lobyanı, sarımsaqlı xörəkləri…
Vəssalam. Heç nəylə, heç kəslə hesablaşmayan vaxt axarı söhbətimizi yedəyinə alıb apardı. Yaddaşınızda nə qaldısa, artıq sizinkidi…
1999
Səfurə Çərkəzqızı,
“Sevdalılar”
***
Redaksiyadan: Şair və dramaturq, nasir və publisist, tərcüməçi və ictimai xadim Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Muğru bölgəsindəki Maralzəmi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Bir müddət kənddə müəllim, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin olunub, fasiləsiz olaraq 16 il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib.
Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib.
Hidayətin həyatının İrəvan dövründə poeziya, publisitika, nəsr, tərcümə kitabları nəşr edilib, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub. Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətlərinə görə ona Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilib (1978), Sovetlər Birliyi dönəmində «Əməkdar igidliyə görə» medalı (1970), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib (1978).
Hidayət Orucov 1989-cu ildə ermənilərin ölkəmizə və xalqımıza növbəti təcavüzə başlamalarına etiraz əlaməti olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.
Azərbaycan Respublikasının «Şöhrət» ordeni, Gürcüstan və Dağıstanın ən yüksək dövlət mükafatları – «Ləyaqət» ordeni və Dağıstan Respublikasının Fəxri fərmanları ilə təltif olunub.
Çuvaşstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi Mükafatı laureatıdır.
1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatının baş redaktor müavini (mart 1984, mart 1986), sonra da baş redaktoru (1986-1992-ci illər) vəzifələrində işləyib. Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir.
Yazıçının otuzdan çox poeziya, nəşr, tərcümə kitabı nəşr olunub. «Məni səsləyəndə» /1970/, «Məhəbbət qocalmır» /1973/, «Bir az gözləyin məni» /1975/, «Zirvə çağırır» /1977/, «İrəvanda xal qalmadı» /1984/, «Dənizi harayladım» /1978/, «Eviniz analı olsun» /1980/, «Sabaha çox var» /1990/, «Mən belə yaşayıram» /1991/, «Doxsanıncı il» /1992/, «Həsrət» /1995/, «Sözün vaxtı» /1999/, «Ömrümün çəlimləri» /2003/, «Burdan min atlı keçdi» /2004/ və s. kitabları oxuculara yaxşı tanışdır. U. Şekspirin «Sonu yaxşı bitən hər şey yaxşıdır» pyesini, H. B. Stounun «Tom dayının daxması» romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra görkəmli rus və başqa xalqların yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib. Hidayətin xarici dillərdə nəşr olunmuş «Mən belə yaşayıram» (rus dilində), «Axtariş», «Sənsiz» (gürcü dilində), «Sabaha çox var» (Dağıstan dillərində) və s. kitabları maraqla qarşılanıb. Əsərləri iyirmidən çox dilə çevrilib.
H.Orucovun pyesləri hal-hazırda Akademik Milli Dram Teatrında, S.Vurğun adına Rus Dövlət Dram Teatrında və başqa teatrlarda tamaşa qoyulur.
Hidayət Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri işləyib. 2005-2006-cı illərdə Milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri işləyib. 25 iyul 2006-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. 31 may 2012-ci ildə həmin vəzifədən azad edilib..
27 dekabr 2012-ci ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Hazırda da səfir vəzifəsində çalışır.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir. Ailəlidir, üç övladı var.