“4 iyun hadisəsinə əvvəlcədən çevriliş demək olmazdı. 4 iyun hərbi hissədə baş vermiş tabesizlik idi. Gəncədə xalq onların tərəfini tutdu, üsyançılara qoşuldu”.
Azpost.info bildirir ki, bu sözlər AMİP liideri Etibar Məmmədov mərhum prezident Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı BBC-nin hazırladığı proqrama açıqlamasında 1993-cü ilin iyun qiyamı barədə danışarkən deyib.
E.Məmmədovun sözlərinə görə, Gəncədə baş verən bu tabesizlik yalnız Bakıya doğru yürüşə çevriləndə mahiyyətini dəyişib: “İkinci mərhələdə həmin üsyançılar Gəncədən çıxıb Bakıya doğru hakimiyyət uğrunda yürüş edəndə bu artıq çevriliş idi. Əvvəli tamam başqa cür başlamışdı, sonra bundan istifadə edən qüvvələr oldu”.
AMİP lideri qeyd edib ki, həmin böhran zamanı AXC hakimiyyəti Heydər Əliyevi Naxçıvandan Bakıya çağırıb: “Heydər Əliyevi AXC hakimiyyəti özü dəvət etdi. O axı öz təşəbbüsü ilə demədi ki, gəlirəm?!”
E.Məmmədov bildirib ki, həmin zaman Azərbaycanın neft sektoruna sərmayə qoymaq istəyən xarici şirkətlər AXC hakimiyyətindən ilk növbədə sabitlik tələb edirdilər: “Onların Elçibəydən tələbi müharibəni dayandırmaq idi. İri şirkətlər müharibəni dayandırdıqdan sonra neft müqavilələrinin imzalanmasına razılıq verirdilər”.
AMİP sədri bildirib ki, 1994-cü ilin mayında atəşkəs haqqında Bişkek protokolu imzalandıqdan sonra bu şirkətlər Azərbaycanla beynəlxalq müqavilələri imzaladılar.
Qeyd edık ki, 1993-cü ildə polkovnik Sürət Hüseynovun rəhbərliyi ilə Gəncədə baş verən qiyam Azərbaycanda ciddi siyasi böhran yaradıb. Bunun nəticəsində AXC hakimiyyəti devrilib.
Azpost.info