2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) 17 dekabrda keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 2 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb.
İclasda Tural Abbaslının sədrlik etdiyi Vahid Azərbaycan (AĞ Partiya) və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya 9 siyasi partiya müraciət etmişdi. Bunlar YAP, Ümid Partiyası və VHP, Böyük Quruluş Partiyası, BAXCP, Milli Dirçəliş Hərəkatı Partiyası, AMİP, ADP, Böyük Azərbaycan Partiyasıdır.
Dekabrın 17-dək olan məlumata görə, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 469 nəfər müraciət edib. Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. 155 nəfərə isə imza vərəqələri verilib.
MSK sədri Məzahir Pənahov məlumat verib ki, Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müstəqil media mərkəzi yaradılacaq. M. Pənahov deyib ki, ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır: “Bu media mərkəzi başqa ölkələrdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər. Yaxın günlərdə media mərkəzinin yaradılmasına başlanılmalıdır”.