2 min yetkin səyahətçi arasında keçirilən sorğunun nəticələrinə görə, 50 yaşdan yuxarı insanlar ən çox arzuladıqları səyahətləri təxirə saldıqlarına, işə və gündəlik qayğılara üstünlük verdiklərinə görə peşman olurlar.
Bu barədə Daily Express yazır.
Yaşlı nəsil nəyə görə peşmandır?
Araşdırma göstərib ki, respondentlər daha çox unudulmaz səyahətlər etmək və həyatın adi ritmini dəyişmək istəyiblər. Reallaşmayan əsas arzular arasında bunlar yer alıb:
Spontan səyahətlər: respondentlərin 21 faizi çox düşünərək vaxt itirdiklərinə və sadəcə yola çıxmadıqlarına görə peşmandır.
Arzu siyahısındakı yerlər: iştirakçıların 17 faizi uzun müddətdir getmək istədikləri məkanları ziyarət edə bilmədiklərinə təəssüflənir.
İş əvəzinə macəra: respondentlərin 14 faizi iş tapşırıqlarını deyil, həyatda daha parlaq təəssüratları ön plana çəkməli olduqlarını düşünür.
Bununla belə, respondentlərin 71 faizi itirilmiş imkanları geri qaytarmaq üçün heç vaxt gec olmadığına inanır.
Sorğuda iştirak edənlərin bir çoxu yeni yerlər görməyin (37 faiz) və nadir təbiət hadisələrini müşahidə etməyin (18 faiz) həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyini düşünür.
50 yaşdan yuxarı insanların xəyal etdiyi 10 istiqamət
Yaşlı nəsil arasında ən çox arzulanan səyahət istiqamətlərinin siyahısına uzaq və mənzərəli ölkələr başçılıq edib:
- Yeni Zelandiya
- Yaponiya
- Avstraliya
- Kanada
- Maldiv adaları
- İslandiya
- Norveç
- İtaliya
- Misir
- Vyetnam
Səyahətə nə mane olur?
OnePoll şirkətinin Icelandair aviaşirkətinin sifarişi ilə keçirdiyi araşdırmada insanların səyahət arzularını reallaşdırmasına mane olan əsas səbəblər də müəyyənləşdirilib.
Maliyyə çətinlikləri respondentlərin 44 faizi üçün əsas maneədir.
Digər səbəblər:
ailə öhdəlikləri – 24 faiz;
məişət və digər prioritetlər – 22 faiz.
Icelandair nümayəndələri bildiriblər ki, bu gün səyahət imkanlarının daha əlçatan olması insanların arzu etdikləri təcrübələri təxirə salması problemini tam həll etmir. Bir çox insan hələ də həyata keçirmədiyi səyahət planlarına görə peşmanlıq keçirir.
Sorğunun nəticələrinə görə, orta statistik insan həyatı boyu cəmi beş həqiqətən parlaq və unudulmaz an yaşamağı gözləyir.
Yaşlı nəslin nümayəndələri isə gənclərin həyatı fərqli yaşamasını istəyirlər. Respondentlərin 47 faizi gənclərin həyatdan maksimum zövq almasını, 38 faizi isə onların təbiətdə daha çox vaxt keçirməsini arzulayır.
N.Talıblı