“500 min sənədsiz evin hamısında günahkar vətəndaş ola bilməz” –Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Azərbaycanda sənədsiz fərdi yaşayış evləri ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayevin açıqlamasına münasibət bildirib.

Azpost.info-nun məlumatına görə, Mətin Eynullayev sənədsiz fərdi yaşayış evlərinin iki əsas kateqoriyaya bölündüyünü deyib.

Onun sözlərinə görə, birinci qrupa müəyyən sənədləri olan, lakin hüquqi baxımdan legitim hesab edilməyən evlər daxildir. İkinci qrupa isə ümumiyyətlə hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililər aiddir.

Xidmət rəhbəri bildirib ki, tikilinin özbaşına tikinti hesab olunması üçün üç əsas meyar mövcuddur: tikintiyə nəzərdə tutulmayan torpaq sahəsində inşa edilməsi, qanunvericiliklə tələb olunan icazələrin alınmaması və tikinti norma və qaydalarının pozulması.

Mətin Eynullayevin sözlərinə görə, bu meyarlardan hər hansı birinin mövcud olması tikilinin özbaşına tikinti hesab edilməsi üçün əsasdır. O, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququnun yaranmadığını qeyd edib.

Natiq Cəfərli isə açıqlamanın vətəndaşın məsuliyyətini ön plana çıxardığını bildirərək məsələyə dövlət qurumlarının məsuliyyəti prizmasından da yanaşılmasını istəyib. “Vətəndaşların məsuliyyətini sadalamısınız, bütün günahı vətəndaşa yükləmisiniz. Yaxşı, ölkədə 500 minə yaxın sənədsiz ev varsa, bunun bütün günahı vətəndaşdadırmı?!” – deyə iqtisadçı sual edib.

Cəfərli bu vəziyyətin yaranmasına görə hansı dövlət və hökumət qurumlarının məsuliyyət daşıdığını soruşub.

O, xüsusilə sənədsiz evlərə dövlət şirkətləri tərəfindən illərlə kommunal xidmətlərin göstərilməsinə diqqət çəkib.

“Əgər sənədsiz evə dövlət şirkətləri tərəfindən sayğac qoyulub və illərdir işıq, qaz, su satılıbsa, bu xidmət üçün dövlət şirkəti haqqını alıbsa, bu zaman vətəndaşın mülkiyyət hüququ yaranmırmı? Yaxşı, qanunsuzdursa, niyə kommunal xidmət göstərib pulunu almısınız?” – Cəfərli bildirib.

İqtisadçı hesab edir ki, vətəndaşın illərlə kommunal xidmətlərə görə ödəniş etməsinin də hüquqi baxımdan hansısa üstünlük yaradıb-yaratmadığı aydınlaşdırılmalıdır.

N.Cəfərli problemin yalnız vətəndaşın məsuliyyəti kimi təqdim edilməsinin düzgün olmadığını vurğulayıb: “Sistem, yanaşma birtərəfli ola, bütün məsuliyyət vətəndaşa yüklənə bilməz. Vətəndaş evi tikəndə nəzarət etməli olan orqanlar hara baxıb? Niyə göz yumub?” – deyə o bildirib.

İqtisadçı hesab edir ki, onilliklər ərzində formalaşmış bu problemdə tək günahkar vətəndaş ola bilməz. Onun fikrincə, səlahiyyət sahibi olan qurumların da məsuliyyəti müəyyənləşdirilməlidir.

N.Cəfərli problemin həlli üçün “əmlak amnistiyası”nın tətbiqini təklif edib.

Onun sözlərinə görə, belə bir amnistiya təkcə vətəndaşların problemini həll etmək deyil, həm də bu vəziyyətin yaranmasına nəzarət etməli olan səlahiyyətli qurumların məsuliyyət məsələsinə baxılması ilə müşayiət olunmalıdır.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.