9 may – Qələbə günü

1941 – 1945- ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qazanılan qələbə hər il ölkəmizdə dövlət səviyyəsində təntənəli olaraq qeyd edilir. Prezident İlham Əliyev hər zaman müharibə veteranlarına və onların ailə üzvlərinə olan qayğının artırılması üçün yeni sərəncamlar imzalayır, qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür. Hər il cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyi tərəfindən qəhrəmanlarımıza olan qayğını bir daha sübut edir.

Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu olduğunu hər zaman vurğulamış, müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirmişdir. Heydər Əliyev müharibə iştirakçılarına qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etməyin vacibliyini həmişə diqqət mərkəzində saxlamışdır.
1941 – 1945 – ci illər Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan xalqının böyük payı vardır. Bu müharibədə respublikamızın 600 mindən çox nümayəndəsi iştirak edib. Müharibə illərində Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin bir neçə milli diviziya formalaşdırıldı. Həmçinin 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Alman komandanlığının Qafqaz uğrunda döyüşlərinin əsas məqsədi Bakı üzərində nəzarəti ələ keçirmək idi. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu
Bakı neftçiləri 1941 – 1945 – ci illər Böyük Vətən müharibəsinin ən böyük qəhrəmanlarından biri idi. Azərbaycan neftçiləri şücaət göstərərək cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Müharibə illərində neftçilərimiz ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər, aviasiya benzini almaq üçün Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yeni texnologiya yaradılıb. Ümumilikdə, SSRİ-nin müharibədə sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin isə 80 faizi Azərbaycanın payına düşüb. Həmin dövrün tanınmış siyasətçiləri, hərbçiləri Azərbaycan neftçilərinin fəaliyyətini yüksək qiymətləndirib, neftçilərimizin müharibədə qazanılan qələbədəki payından bəhs ediblər. Cəbhədə düşmənə ağır zərbələr endirməyə imkan verən yüksək oktanlı aviasiya yanacağının da Azərbaycanlı alimlər tərəfindən kəşf olunması ölkəmizin bu müharibədə göstərdiyi əzmkarlıq və rəşadətin bir nümunəsidir
Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, “Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.
Böyük Vətən Müharibəsi qəhrəmanlarının əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaqdır.

Əminə Ağazadə
Milli məclisin deputatı

Əvvəlki məqalə

“Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq” –

Sonrakı məqalə

“Azercell deyir İranın mobil operatoruna qoşulmusan…” –