Aİ ilə Azərbaycan arasında mövcud olan dialoq 2021-ci ildə intensivliyi ilə səciyyələnmişdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Bildirilib ki, Aİ Şurasının Prezidenti Şarl Mişel və Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin ölkəmizə səfərləri baş tutmuşdur. Bu təmaslar zamanı, o cümlədən 15 dekabr tarixində Brüssel şəhərində Aİ-nin Şərq Tərəfdaşlığının VI Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aİ ilə münasibətlərin inkişafında ölkəmizin mövqeyi və gözləntilərini qarşı tərəfə çatdırmışdır: “Son 4 ildə fiziki əsasda ilk dəfə keçirilmiş Şərq Tərəfdaşlığı Zirvə Toplantısının yekununda qəbul edilmiş Birgə Bəyannamədə Aİ tərəfindən bütün tərəfdaş ölkələrin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək bir daha ifadə olunmuşdur”.
Qeyd olunub ki, il ərzində NATO ilə yüksək səviyyəli siyasi dialoq davam etdirilmişdir: “Belə ki, 15 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Brüsseldə keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə Görüşü çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqin dəvəti əsasında NATO-nun mənzil-qərargahına səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin NATO-nun Baş katibi ilə görüşü baş tutmuş və birgə mətbuat konfransı keçirilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidenti Şimali Atlantika Şurasının Azərbaycan Respublikası ilə birlikdə “30+1” formatında keçirilmiş iclasında iştirak etmişdir. İl ərzində NATO rəsmiləri ilə digər səviyyələrdə də təmaslar davam etmişdir. NATO rəsmiləri və müttəfiq dövlətlər Türkiyənin Komandanlığı altında Həmid Kərzai adına Kabil Beynəlxalq Hava Limanında (HKİA) qüvvə mühafizəsinə və müxtəlif qərargah vəzifələrinə cəlb olunmuş hərbi kontingentimizin “Qətiyyətli dəstək” missiyasının son günlərində HKİA-nın təhlükəsizliyin təmin olunması və təhlükəsiz təxliyə prosesinə şərait yaradılması ilə bağlı müstəsna xidmətlərini yüksək qiymətləndirmişlər”.