İyulun 31-i Azərbaycanın görkəmli teatr və kino xadimi, rejissor, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun doğum günüdür.
Cahangir Novruzov doğum günü ərəfəsində Azpost.info saytına özəl müsahibə verib.
Cahangir Novruzov 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. 1976-cı ildə Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsini bitirib. SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alıb.
1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb.
1984-88-ci illərdə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasının üzvü olub.
1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub.
1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub.
1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.
Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Azərbaycan peşəkar teatrının yaradıcılarından olan Cahangir Zeynalovun nəvəsidir. Azərbaycanın Xalq artisti, sevimli sənətkarımız, mərhum Nəsibə Zeynalovanın oğludur.
– Cahangir müəllim, iyulun 31-i doğum gününüzdür. Bu münasibətlə sizi təbrik edirəm. Hazırda məzuniyyətdəsiniz. İşlərdən vaxt ayırıb, istirahət edə bilirsinizmi?
– Təbrikləriniz üçün sağ olun. Bəli, hazırda məzuniyyətdə sayılıram. Adanaya yaxın Yumurtalıq deyilən istirahət mərkəzində dincəlirəm. Buralar bizim Bakı bağlarına, Bakının dəniz kənarı sahillərinə çox oxşayır. Dəniz kənarının qumu, qum üzərində bitən tikanlar belə Bakının Pirşağı, Nardaran tərəflərini xatırladır.
– İki ay əvvəl tələbələrinizlə birlikdə yeni tamaşanın premyerasını etdiniz. Həmçinin, tamaşanı Konya Teatr Festivalında da nümayiş etdirdiniz…
– Elədir. May ayında üç il dərs dediyim sinifin məzuniyyət tamaşasını təhvil verdik. Sizə deyim ki, bu tamaşa çox çətinliklə başa gəldi. Tamaşanın hazırlıq prosesi pandemiya dövrünə təsadüf etdi. Pandemiya zamanında sənət dərsləri keçmək çox çətin idi. Çünki aktyorluq sənəti onlayn qaydada keçirilə bilməz. Həmin vaxtlarda Türkiyənin bir çox teatr məktəbləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə onlayn qaydada konfranslar təşkil edirdik. Artıq pandemiya başlamışdı və qapanmalara gedirdik. Mən, həmin konfransda etdiyim çıxışda açıq şəkildə söyləmişdim ki, sənəti internet üzərindən öyrənmək və öyrətmək olmaz. Xüsusilə də musiqi, teatr, hətta rəssamlıq sənətini belə onlayn qaydada tədris etmək mümkün deyil. Rəssam fırçanın toxunuşlarını, tabloda əks olunan rənglərin canlılığını tələbəyə hiss etdirməlidir. Aktyor sənəti heykəltəraşlıq kimidir. Belə ki, qarşında olan gənc aktyor namizədini plastilin kimi əlində isidərək istədiyin formaya salmağı bacarmalısan. Ona görə də pandemiya dövründə tələbələrimlə çətin şəraitdə çalışdıq. Həftədə bir-iki dəfə bizim evə yığışırdılar və ya mən onların birlikdə toplaşdığı məkana gedirdim. Təbii ki, qapanmalar dövründə bir yerə toplaşmaq, dərs keçmək, məşqlər etmək çətin idi. Amma başqa çarəmiz olmurdu. Doğrudur, bütün çətinliklərə baxmayaraq dərslərimizi davam etdirirdik, amma bütün bunlara rəğmən mən o dərsləri normal hesab etmirəm. Elə dərs olmaz. Ona görə də pandemiya bitdikdən sonra bir il keçə bilmədiyim dərsləri tələbələrimə əziyyətlə, qısa vaxtda öyrətməyə çalışdım. Təbii ki, onlar üçün çətin proses oldu. Amma yorulmadılar, bezmədilər. Özləri mənə çox sağ ol deyərək: “Hocam, siz bizə balıq tutmağı öyrədirsiniz” ifadəsini söylədilər. Türkiyədə belə misal var: “Mənə balıq vermə, mənə balıq tutmağı öyrət”. Beləliklə də, tələbələrimlə yeni tamaşamızı ərsəyə gətirdik. Əvvəlcə material tapmaqda çətinlik çəkdik. Çünki sinifdə dörd oğlan və bir qız tələbəm var idi. Elə əsərə müraciət etməliydik ki, beş-altı nəfər iştirakçısı olsun. Nəhayət, mərhum türk dramaturqu Turqut Özakmanın “Divarların ötəsi” əsəri üzərində qərarlaşdıq. Tamaşada altı personaj var. Həkim obrazını özüm ifa etmək istəyirdim. Amma tamaşanın rejissoru olub, həm də obrazlardan birini ifa etmək mənə çətin idi. Son anda dadıma Adanada yaşayan təcrübəli aktyorlardan biri çatdı və həkim obrazını ifa etdi.

– Müəllifin əsəri diqqətinizi hansı özəlliyi ilə çəkdi və tələbələrinizin peşəkarlığından razı qaldınızmı?
– Turqut Özakman bu əsəri 27 yaşında yazıb. Psixoloji dramda Turkiyədə baş verən siyasi və toplumsal problemlərdən bəhs olunur. Dram əsəri 27 yaşlı gənc yazarın naşılığı ilə yazılıb. Ona görə də əsər üzərində xeyli müddət işlədim. Əsəri normal hadisələr, olaylar halına gətirdim və “Divarların ötəsi” başqa şəkil, məna qazandı. Dram əsərində həbsdən qaçan dörd məhkumun müəllimə qızı girov götürməsindən bəhs olunur. Bir müddətdən sonra girov götürdükləri qıza hörmət bəsləyən, onun fikirlərini dinləyən məhbusların düşüncələrinin niyə bu qədər dəyişdiyi mənə çox maraqlı idi. Ona görə də müəyyən yerlərdə qızın sözlərinə müdaxilə etməyə çalışdım. Amma müdaxilələrim müəllifin fikirlərinə xələl gətirmədi. Çünki orada insani münasibətdən başqa mənəvi və əxlaqi münasibət önəmlidir. Əsərdə sətiraltı mənalar çox idi.
– Cahangir müəllim, Turqut Özakman “Divarların ötəsi” əsərini 1957-ci ildə yazıb. Əsər əsasında 1964-cü ildə eyniadlı film çəkilib və son illərə qədər Türkiyənin bir çox teatr səhnələrində tamaşaya müxtəlif quruluşlar verilib. Azərbaycan və Rusiya teatr məktəbinə mükəmməl bələd olan sənətkar kimi, sizin quruluş verdiyiniz “Divarların ötəsi” bugünkü tamaşaçıya hansı mesajları ötürür?
– Əsərin tamaşaçıya verdiyi mesaj belədir- İnsan topluluğu, insan cəmiyyəti tənqid etmək, başqalarını günahlandırmağa meyllidir. Azərbaycanda gözəl misal var: “Öz gözündə tiri görmür, başqasında çöp axtarır”. Biz insanları suçlamağa alışmışıq. Amma cəmiyyət olaraq bu günahların baş verməməsi üçün nələr edirik? Əsərin ana xətti belədir ki, “İnsanlar bataqlıqda yaşayan böcəkləri, milçəkləri, natəmizliyi aradan qaldırmaq üçün həmin ərazini dərmanlayırlar. Bu çarə müvəqqətidir. Amma heç kim, həmin bataqlığı yerli-dibli, kökündən qurutmağı düşünmür”. Cəmiyyət, o yaraların üstünü örtür, amma birdəfəlik sağalması haqqında düşünmür. Mənim tamaşada verdiyim mesaj-görülən tədbirlərin qalıcı olmasını vurğulamaqdır. Çünki insanlar həyata doğulduqları gündən günahkar olmurlar. İnsanları günaha sürükləyən cəmiyyətdir. Məsələn, türk toplumunda namus məsələsi milli dəyərdir, çox önəmlidir. Ona görə də əsərin qəhrəmanı olan dörd məhbusun həbsxanaya düşməsi namus motivləri üzərindədir. Bu, düşündürücü tərəfdir. Toplumda mənəvi, əxlaqi məsələlər üzərində dövlətin, hökumətin düşünməsi çox önəmlidir. Əsərdən tamaşaçıya ötürülən ismarıc budur.

– Tamaşanın musiqi tərtibatı məşhur balaban ifaçısı, Azərbaycanın Xalq artisti Əlixan Səmədova məxsusdur. Əlixan Səmədovla iş birliyiniz gələcəkdə də davam edəcəkmi?
– Tamaşamızın musiqi tərtibatını çox sevdiyimiz, ifalarını sevərək dinlədiyimiz Əlixan Səmədovla hazırladıq. Əlixanla telefonla söhbət etdim və ona əsərdən bəhs elədim. Həmin an reaksiyası mənə xoş oldu. Əsərdə çalınan musiqiləri tütəkdə ifa edərək, mənə göndərdi. Tamaşada canlı olaraq dörd musiqi parçası çaldı. Musiqilərin dəqiqəsinə qədər Əlixanla danışdıq. Bir məsələni də deyim ki, Turqut Özakman əsərində qəhrəmanın, dodaq qarmonunda ifasını verib. Dodaq qarmonunda adətən almanlar daha çox ifa edirlər. Əsərin yazılmasından 60 ildən çox vaxt ötüb. O, illərin Türkiyəsindən fərqli olaraq, hazırda dodaq qarmonunda ifa edən adamlara rast gəlmək olmur. Burada gitarı, bağlamanı, kamanı, pianonu çox sevirlər və küçə musiqiçiləri belə bu alətlərdə ifa edirlər. Amma dodaq qarmonunda ifa edən musiqiçilər çox azdır. Şəxsən mən, 26 ildir Türkiyədəyəm, amma bir köşədə oturub, dodaq qarmonu çalan adam görməmişəm. Bu səbəbdən də əsərdəki ifaları tütək vasitəsilə tamaşaçıya çatdırmağı məqsədəuyğun bildim.Tütəyi burada da çox sevirlər. Qarğıdan düzəldilən sadə musiqi alətidir. Tütəyi yanıqlı çaldığın zaman, səni haralara götürər…, insanları düşündürər, kövrəldər, xatirələrə aparar… Məhz ona görə mən də əsərdə tütəkdən istifadə etməyi üstün bildim. Tamaşada tütəyi dilsiz qoca çalır. Əlixan Səmədov sağ olsun ki, bu işə mənimlə birlikdə can yandırdı və tamaşanın musiqilərini tez zamanda hazırladıq. Mən elə bilirəm ki, Əlixanın istedadından gələcəkdə də istifadə edəcəyik. Biz azərbaycanlılar Türkiyənin harasında yaşamağımızdan asılı olmayaraq, biri-birimizə xüsusilə sənətdə dəstək çıxırıq, kömək edirik. Düşünürəm ki, belə də olmalıdır.

– Cahangir müəllim, 26 ildir Türkiyədə pedaqoji fəaliyyətlə məşğulsunuz. Bu illər ərzində çoxsayda tələbələriniz, məzunlarınız olub. Sizdən aktyorluq sənətinin sirlərini öyrənən keçmiş tələbələriniz bu gün məşhur türk seriallarının tanınmış simalarıdır. Onlarla görüşməyə, yenidən bir araya gəlməyə vaxtınız olur?
– Həqiqətən də, mənim tələbələrim bu gün Türkiyədə çəkilən məşhur film və dizilərdə çıxış edirlər və onların Azərbaycanda da sevildiyini bilirəm. Türkiyədə serial industriyası yüksək səviyyədə inkişaf edib. Türk filmləri, serialları dünyanın bir çox ölkəsinə satılır və orada nümayiş edilir. Amma sizə deyim ki, dünyada yaşayan tamaşaçıların kino zövqi eyni deyil. Məsələn,“Möhtəşəm Yüzil”serialı nümayiş edildiyi Avropanı, dünyanın bir çox ölkələrini maraqlandırırdısa, ərəb dünyasını bir başqa mövzuda çəkilən filmlər maraqlandırır. Mənim tələbələrimdən bir çoxunu ərəb dünyasında yaxından tanıyırlar. Xatırlayıram, bir dəfə İstanbulda tələbələrimlə görüşdüm. Bir kafedə oturub söhbət edirdik. Az keçmədən ətrafımıza ərəb ölkələrindən gəlmiş çox sayda adamlar toplaşdı. Mənim keçmiş tələbələrimlə şəkillər çəkdirdilər, söhbət etdilər. Tələbələrim isə məni göstərərək: “Bizim hocamız odur, sənətin sirlərini hocamızdan öyrənmişik” dedilər. Bu sözlərdən sonra onların pərəstişkarları mənimlə də şəkil çəkdirdilər, ingilis və türk dilində söhbət etməyə çalışdılar. Bu misalı çəkməyimin səbəbi odur ki, mənim tələbələrimi çox sevirlər. Onlara sənət aləmində tələbat çoxdur. Təbii ki, bir müəllim, pedaqoq kimi onların uğuru məni çox sevindirir. Qürur duyuram. Çünki həmin tələbələr mənim yaratdığım bu məktəbdə təkcə aktyor sənəti deyil, aktyor sənətinə lazım olan plastika, rəqs, səhnə hərəkəti və özəlliklə mənim proqramını qurduğum döyüş sənəti dərslərinə mükəmməl yiyələniblər. Bir neçə il bundan əvvələ qədər döyüş sənəti texnikası dərslərini hər bir tələbəmə özüm nümayiş etdirirdim. Bir neçə il əvvəl deyirəm, çünki ayağımdan zədə aldıqdan sonra yüksəkdən atılma, döyüş sənəti texnikası üzrə tələbələrimlə xüsusi dərs proqramları keçmək mənim üçün çətinləşib. Amma bu illər ərzində sənətin bütün incəliklərini, sirlərini tələbələrimə öyrətmişəm. Mənim tapıntılarım, özümə məxsus kəşflərim tamaşa zamanı bizi izləyən tamaşaçıların çox xoşuna gəlir, həm də marağa səbəb olur. Çünki hərəkətlərin texnikasını bilməyənlər aktyorların səhnədə biri-birinə zərbə vurmasına, yumruq atmasına gerçək kimi baxırlar. Sonuncu dəfə Konyada festivalda iştirak edəndə, tamaşada çıxış edən, tək qolu olan qəhrəmanın yıxılması, aldığı zərbələr və rəisin qıza atdığı sillə nümayiş olundu. Hətta Konyadakı müəllimlər: “Uşaqların belə zərbələri almasına necə risq edirsiniz?” deyə soruşurdular. Tələbələrim isə gülə-gülə deyirdilər ki, bizim heç birimiz zərbə, zədə almırıq. Çünki bu, döyüş texnikasının sirləridir”. Mənim öyrətdiyim texnikalara bələd olan tələbələrin, tamaşaçının içində bir metr məsafədə atdıqları yumruq və şillələrin necə yaşandığını heç kim anlaya bilmir. Tamaşaçı atılan yumruqların, səslərin gerçək olduğunu düşünür və həyəcan keçirir. Bu hərəkətləri yavaş-yavaş göstərdiyimizdə anlayırlar və gənclərin istedadına, öyrənmək bacarığına heyran olurlar. Mənim tələbələrim səhnə hərəkəti texnikalarını, başqalaşmaq sənətinin sirlərini onlara dırnaq içərisində “döyə-döyə”, əslində isə sevə-sevə öyrətdiyimə görə məni çox sevirlər. Ona görə də, 26 ildir məndən ayırlmaq, məni təqaüdə göndərmək istəmirlər.

– Son illərdə hazırladığınız tamaşalardan heç birini görmək bizlərə qismət olmayıb. “Divarların ötəsi”nin gənc qəhrəmanları günlərin birində Bakının qonağı ola bilər?
– Bilirsiniz, Universitetdə 4-cü kursun tələbələri üçün hazırladığım tamaşalar “kəpənək ömürlü” tamaşalardır. Yəni, çox qısa müddət nümayiş edilir. Məsələn, son dəfə hazırladığım tamaşanı cəmi 10 dəfə nümayiş etdirə bildik.Sonuncu tamaşamıza pandemiya və iqtisadi çətinliklər səbəbindən az pul ayrıldı. Bu səbəbdən də dekorasiyanın hazırlanması gecikdi. Tamaşanı nəzərdə tutduğumuz zamanda təhvil verə bilmədik. İstanbulda keçirilən Teatr Festivalında da, iştirak edə bilmədik. Burada bir çox siyasi, iqtisadi məsələlər baş verir və cəmiyyətdə gedən proseslər teatrlardan da yan keçmir. Ona görə də tamaşalarımızı istədiyimiz kimi festivallara, qastrol səfərlərinə aparıb, nümayiş edə bilmirik. Bakıya gəldikdə isə, “Sağ olsun, Azərbaycan Nədəniyyət Nazirliyinin keçmiş nümayəndələri” xüsusilə də teatrla məşğul olan adamlar. Azərbaycanda keçirilən festivallarda bir neçə dəfə iştirak etmək istəmişik. Sonuncu dəfə müraciətimizə cavabda söylədilər ki, aktyor sayınız çoxdur. Bizim 30 nəfərlik heyətimizə çox deyib şərait yaratmadılar, amma 60 nəfərlik Gürcüstan nümayəndələrini qəbul etdilər. Bu hərəkət Azərbaycanın Azərbaycanı sevməmə, azərbaycanlı sənətkarın sənətinə hörmət etməmək siyasətidir. O, zaman Mədəniyyət Nazirliyində çalışan adamlar bu gün yoxdular. Yeni gələn adamlara isə sidqim qırılıb, daha müraciət etmək istəmirəm. Biz elə tamaşalarla gələ bilərdik ki, Azərbaycan fəxr edərdi. Amma bunu Azərbaycanın Mədəniyyət Nazirliyi, xüsusilə o zamanlar Teatr şöbəsinin başında dayananlar istəmədi. Bu hərəkət sənətimizə, mədəniyyətimizə zərbədir. Ümid edirəm ki, gələcəkdə vəzifəyə elə adamları təyin etməzlər.

– Cahangir müəllim, gələcəkdə hansı əsərlərə quruluş vermək fikriniz var və Azərbaycan klassik dramaturgiyasından hansısa əsəri türk səhnəsində hazırlamağı düşünürsünüzmü?
– Azərbaycan dramaturgiyası çox zəngindir. Mən bu gün nəinki Türkiyədə həm də dünyada aktual ola biləcək Hüseyn Cavidin “İblis” əsərinə quruluş vermək istəyirəm.”İblis” əsərinin mövzusu və ağlımda olan düşüncələrlə ortaya maraqlı səhnə əsərinin çıxacağını fikirləşirəm. Bu gün dünyaya iblisanə düşüncələr hakim kəsilib. İnsanlığın əxlaqının pozulması, başına gələn bəlalar “İblis”in son monoloqu ilə aktual səslənir. Azərbaycan səhnəsində isə bir çox əsərlərə quruluş vermək istəyərdim. Hətta deyim ki, Azərbaycana dönsəm hansı əsərlərə səhnə həyatı verərəm. Əvvəla hər hansı bir yerdə, kiçik məkan olsa belə fərq etmir öz teatrımı yaratmaq istərdim. İstedadlı gəncləri ətrafıma toplayıb, burada olduğu kimi onlarla çalışıb, istədiyim teatrı qurmağa hazıram. Buna gücüm də var. Öz teatrımda gecə-gündüz çalışaraq Azərbaycan xalqının düşüncəsinə hava-su kimi lazım olan, əxlaqi prinsiplərlə zəngin, onlarla əsərlər hazırlayaram. Allahın mənə izn verdiyi qədər yaşayıb, bu ömür payında maksimum tamaşa hazırlayıb, Azərbaycan xalqına ərməğan edərdim. Bu gün teatr rejissorlarının, teatr xadimlərinin işi çox önəmlidir. Çox işlər görmək lazımdır. Dünya teatrları dəyişir. Bu dəyişkənlik həm yaxşılığa doğru, həm də anlaşılmaz bir yerə gedib çıxır. Avropa səhnəsində gözəlliyə, görüntüyə, simaya fikir verməklə və texniki vasitələrdən istifadə etməklə, düşüncələri mücərrədləşdirərək, ortaya qoyurlar. Sözün gücü, əsərin ana xəttini təşkil edən fikir ikinci plana keçməyə başlayıb. Doğrudur, mən görüntünün, hərəkətin, hadisələrin daha önəmli olduğunu müdafiə edən insanam. Amma sözün gücünün yaratdığı qüvvəni unutmaq olmaz. Quruluş verdiyimiz əsərlərdə Azərbaycan düşüncəsini, xarakterini ortaya qoymaq lazımdır. Qarabağda qazanılan qələbələr, sıravi əsgərimizdən, Ali Baş Komandana qədər Azərbaycan-Türk xarakterini, təfəkkürünü sübut etmiş millətik. Belə bir millətin uğurunu, qalibiyyətini, möhtəşəmliyini teatr səhnələrində meydana çıxarmaq lazımdır. Pafosla, səs-küylə, qışqırmaqla deyil, insanların qəlbinə, düşüncələrinə nüfuz etməklə, sevgi ilə qazanmaq lazımdır. Əlimizdəki telefonlar, internet insanları düşünməkdən uzaq salıb. Teatr canlı sənət olduğu üçün hər zaman yaşayacaq və insanları özünə, öz kimliyinə qovuşduracaq. Teatr canlı olduğu üçün ölməz sənətdir. Pablo Pikassonun gözəl bir sözü var: “Sənət, həyatın gündəlik tozunu ruhlarımızdan təmizləyir”.
– Cahangir müəllim, söhbətimizin sonunda sizdən soruşmaq istəyirəm. Azərbaycan tamaşaçısı Cahangir Novruzov üçün çox darıxır. Növbəti dəfə sizi istər teatrda, istərsə də, kino və televiziyada nə zaman görə biləcəyik?
– Siz mənə bu sualı bir dəfə də vermisiniz. Mən də sizə neçə il əvvəl necə cavab vermişdimsə, bu gün də elə cavab verirəm. Azərbaycan sənətinə mən lazımamsa, məni dəvət edərlərsə mən gələrəm. Amma mənim istədiyim şərtlərlə. Türkiyədə mən müstəqiləm və bugünədək Azərbaycanın adına ləkə gətirəcək heç bir iş görməmişəm. Bu illər ərzində sənətimlə, xarakterimlə Vətənimin başını uca etmişəm. Mənim xarakterimdə olan bu keyfiyyətlərlə Azərbaycan məni istəsə, hər zaman Vətənimə xidmət etməyə hazıram. İstənilən zaman gəlməyə hazıram. Namusum, biliyim, vicdanım, istedadım bir sözlə bütün bacarığımı Azərbaycanın yolunda qurban verməyə hazıram. 26 ildir Türkiyədə belə Azərbaycan adı üçün çalışıram.
– Maraqlı müsahibəyə görə çox sağ olun.
Ülviyyə Həsənqızı
Azpost.info





