Şərur Rayon Polis İdarəsinin əməkdaşları bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Aralıq kəndindəki evində axtarış aparıb.
Azpost.info bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a kənd sakinləri məlumat verib.
Məlumata görə, Vasif Talıbov istefa verdikdən sonra doğulduğu Aralıq kəndinə köçərək ailəsi ilə birlikdə həmin evdə yaşayır.
Axtarış nəticəsində onun evində silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Saxlananlardan biri Rövşən Talıbov isə, Vasif Talıbovun əmisi nəvəsidir. Saxlanılan dgər mühafizəçisi Həsənqulu Novruzov rayonun Siyaqut kəndindəndir.
Kənd sakinləri bildirir ki, polis Talıbovların yaşadığı evə qəfil gəlib: “”Kəndin giriş-çıxışı bir neçə saatlıq bağlandı. Mühafizəçilərin göz açmağa imkan verməyiblər. Polislər evdə silah axtarırmışlar. Deyilənə görə, xeyli sayda müxtəlif kalibrli vinçestr silahları çıxıb. Həbs olunan mühafizəçilərin biri, Vasif müəllimin əmisi oğlu Abdullanın oğludur. O, həmin evi uzun illərdir ki, mühafizə edirdi. Vasif Talıbov istefa verəndən sonra ailəsi ilə kəndə köçdü, əlavə mühafizəçilər də götürdü. Hazırda, evin həyətinə giriş-çıxış da bağlanılıb”.
“Gündəlik Naxçıvan məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DİN-lə əlaqə saxlayıb. Nazirlikdən Şərur Rayon sakinləri Rövşən Talıbov və Həsənqulu Novruzoda qanunsuz silah aşkarlandığını təsdiq etsələr də, əlavə məlumat vermək istəməyib.