Bakıda dövlətə xəyanətdə ittiham olunan gənc qızın məhkəməsi başlanıb

Bakıda gənc qız dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. 

Azpost.info Azadlıq radiosuna istinadən bildirir ki, Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur.

20-yaşlı Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Fidan Əliyevanı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

F.Əliyevanın Telegram kanalı vasitəsilə tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir.

Lakin Fidan Əliyeva özünü təqsirli bilmir. Məhkəmədə deyib ki, Telegram-da tanış olduğu adamı rus zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub: “Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”.

Foto-video məsələsinə gəlincə, Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi.

Əliyevanın işi üzrə məhkəmə araşdırmaları davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.