Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin məhkəməsi başlanıb

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs 2007-ci ildə qəsdən və tamah məqsədilə İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan SEPAH-a bağlı olan Əkbər adlı şəxslə əməkdaşlığa başlayıb. H.Əliyev orada olarkən Behişti təxəllüsünü götürüb.

O, 2007-2014-cü illərdə Bakının Binə, Maştağa və Nardaran ərazisində olan məscidlərə gedib, orada İrana yaxınlığı ilə seçilən şəxslər barədə məlumatlar toplayıb.

Təqsirləndirilən şəxs bu məlumatlar qarşılığında 2007-ci ildə 3 min, 2008-ci ildə 3 min, 2009-cu ildə 3 min, 2010-cu ildə 2 min, 2011-ci ildə 2 min, 2012-ci ildə 1500 və 2013-cü ildə 1000 dollar alıb.

H.Əliyev özünü təqsirli bilmədiyini deyib.

Daha sonra şahid qismində Rasim Niftullayev ifadə verib. O, təqsirləndirilən şəxslə Qum şəhərində tanış olduğunu deyib: “10 il Qumda dini təhsil almışam. Hacı Əli Əliyevlə orada tanış olmuşam. Orada oxuyan hər kəsə təxəllüs verilirdi. Bu, orada soyad kimi istifadə edilirdi. Azərbaycanca gələndən sonra da Hacı ilə əlaqəmiz qalıb. O, bizə gəlirdi və ya mən gedirdim onlara. Telefonla danışırdıq. Danışıqlarımız əsasən, dini məsələlər üzərində olurdu. Məsələn, Ramazan ayında ayın görünüb-görünməməsi barədə söhbətlərimiz olurdu. Hacı da mən də camaat içində ruhani kimi tanınırıq”.

Təqsirləndirilən şəxs Hacı Əli Əliyev məhkəməyə Azərbaycan Ruhanilər Məclisi adında icmalarının olduğunu, orada gündəlik məsələlər və dini söhbətlər etdiklərini deyib.

Digər şahid Yaşar Əliyev təqsirləndirilən şəxsi uzun müddətdir tanıdığını bildirib: “İran İslam Respublikasının Qum şəhərində dini təhsil alarkən tanış olmuşuq. Azərbaycanda İslam Universitetini bitirəndən sonra İrana təhsil üçün getmişəm. Yaş fərqimiz çox olduğu üçün təhsil aldığımız zaman kənarda görüşürdük. Təhsilimi bitirib gələndən sonra da əlaqəmiz qalmışdı. Azərbaycan Ruhanilər Məclisi üzvüyəm. Bu məclisin İran İslam Respublikası tərəfindən qurulduğu barədə deyilir. Bu məclisi biz özümüz qurmuşuq. Gündəlik məsələlər barədə söhbətlər aparırdıq”.

Məhkəmə prosesi dekabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, bu il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.

Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.