“Prezident seçkisi ilə bağlı qərarı gözləyirdik” –REAL Partiyasının katibi

“REAL Partiyası üçün növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı bizim üçün təəccüblü olmadı. Biz gözləyirdik ki, gələn il bir neçə seçki keçiriləcək. Sadəcə seçkilərin ardıcıllığı ilə bağlı suallar var idi. Yəni Milli Məclisə növbədənkənar seçkilər keçirilməsi, yoxsa növbədənkənar prezident seçkilərinin daha tez olması sualları var idi. Hakimiyyət prezident seçkilərini əvvələ keçirdi. Yəni ki, proqnozlarımızda böyük ölçüdə yanılmadıq”.

Bu sözləri Azpost.info-ya növbədənkənar prezident seçkiləri ilə bağlı qərarı şərh edərkən REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev  Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

N.Cəfərli qeyd edib ki, növbədənkənar seçkilərdən sonra növbəti addımlar da ola bilər – Konstitusiya referendumu, parlament seçkiləri keçirilməsi barədə qərar verilə bilər: “Prezidentin bu qərarının bir neçə səbəbi ola bilər. Birinci səbəb odur ki, hazırda İlham Əliyev prezidentliyi dövrünün ən yüksək reytinqindədir. Həm 44 günlük savaş zamanı, həm də ondan sonra aparılan xarici siyasət, Xankəndidə Azərbaycan bayrağının qaldırılması, suverenliyin bərpası Prezidentin reytinqini kifayət qədər yüksəyə qaldırdı. Belə bir şəraitdə növbədənkənar seçkilərin keçirilməsi siyasi baxımdan anlaşılandır”.

“Mənə elə gəlir ki, bu qərarın verilməsində həm də bir sıra geosiyasi vəziyyətin də təsirləri var. Hakimiyyət Azərbaycanın təhlükəsizliklə bağlı problemlərini əvvəldən həll edərək seçkini daha rahat şəkildə, təhlükəsiz formada keçirmək üçün bu addımı ata bilər. Nəzərə almaq lazımdır ki, gələn il həm Rusiyada, həm də ABŞ-da prezident seçkiləri keçiriləcək. Bu iki vacib supergüc ölkədə keçiriləcək seçkilərdən əvvəl Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi qərarı anlaşılandır. Bir sözlə, hakimiyyət seçki məsələsini rahat şəkildə həyata keçirmək istəyir”, – REAL funksioneri vurğulayıb.

Anar ABDULLA

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.