“Zəfər Seçkisi”ni  zəruri edən səbəblər nə oldu?

Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Prezidentliyə namizədlərin seçkiqabağı təşviqatlarını aparmaları üçün isə 22 gün ayrılıb. MSK-nın məlumatına görə namizədlər üçün təşviqat kampaniyası 2024-cü il yanvarın 15-dən başlayır və onlar fevralın 6-sı səhər saat 8:00-dək təşviqatlarını dayandırılmalıdırlar.

Seçkilərdə vətəndaşların seçki hüququnun pozulması ilə bağlı “şikayətlərin araşdırılması, eləcə də seçicilərin seçki hüquqlarının səmərəli təmin olunması” məqsədi ilə 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb.

Seçkilər son 30 ildə ilk dəfə olaraq bütün Azərbaycan ərazilərində keçiriləcək. Artıq növbədənkənar prezident seçkiləri ilə bağlı azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.

Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. Bu ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür.

Milli Məclisin deputatı Nurlan Həsənovun sözlərinə görə,  növbədənkənar prezident seçkiləri ölkəmizdə yeni islahatların aparılması üçün yeni bir başlanğıcı olacaq.

Onun sözlərinə görə, yeni kadr islahatları və institusional islahatlar həyata keçiriləcək. Deputat qeyd edib ki, Prezident İlham Əliyev tək Azərbaycanda yox, bütövlükdə Cənubi Qafqazda yeni dövr başladır. Uzun müddət münaqişələr, düşmənçiliklərdən yorulmuş Cənubi Qafqazda sülh və əmin-amanlıq dövrü başlayır.

Şuşadan, Xankəndidən, Laçından, Kəlbəcərdən və digər işğaldan azad edilmiş rayonlarımızdan olan vətəndaşlarımız öz ata-baba yurdlarında siyasi iradəsini sərbəst şəkildə ifadə edə biləcək. Bu seçki eyni zamanda qalib Prezidentin özünə inamının və xalqın siyasi dəstəyinə əminliyinin sübutudur.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə,  İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında işğal və təcavüzə, habelə separatizmə son qoyması ilə nəinki Azərbaycanda, bütövlükdə regionda yeni reallıq yaranıb.

O bildirib ki, Qafqaz kimi mürəkkəb regionda, nə qədər gözlənilməz olsa da, artıq sülhün addım səsləri eşidilir: “Zəfərimizdən doğan yeni reallığın tələbləri ilə ötən dövrün tələbləri heç də bütün hallarda üst-üstə düşmür, hədəflərimiz də 3 il əvvəlki hədəflərdən fərqlənir. 2017-ci ildə start verilən və bizi böyük qələbələrə aparan islahatların yeni mərhələsində olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də reformları zirvədən başlayır. Bu isə əslində siyasi mədəniyyətin zirvəsi deməkdir”.

Prezident İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, Liderin xalqına inamı, xalqın isə Prezidentinə olan etimadının ən ali göstəricisidir.

Politoloq Şəbnəm Həsənovanın sözlərinə görə, torpaqlarımız işğaldan azad edildiyinə və ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduğuna görə hüquqi baxımdan Prezident də bütün ölkə boyu hakimiyyətini tam bərqərar etməlidir.

“Siyasətdə hər bir qərar daxili olduğu qədər, xarici amillərlə də sıx bağlıdır. İki siyasət sahəsi arasındakı əlaqə çox güclüdür. Bu əlaqə konsensus və razılaşma anlayışlarını özündə əks etdirən dövlət liderlərinin qərarları ilə müəyyən olunur. Bütün ölkə boyu seçkilərin keçirilməsi isə ilk dəfə olacağı üçün bu məsələ, sadəcə, qeyd etdiyimiz siyasi, hüquqi deyil, həm də mənəvi baxımdan xüsusi və tarixi əhəmiyyətli bir hadisədir”.

Onun fikrincə, növbədənkənar istənilən seçki isə dünya tərəfindən qəbul və tətbiq olunan siyasi təcrübədir. Demokratik prinsipləri daim rəhbər tutan Azərbaycan dövləti yenə də hər bir namizədə bərabər səviyyədə şərait, platforma yaradacaq.

Milli Məclisin deputatı Anar Məmmədovun sözlərinə görə, Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra müstəqil Azərbaycanın ictimai-siyasi həyatında mühüm dəyişikliklər baş verib. Belə ki, 44 günlük Vətən müharibəsinin və cəmi 23 saat davam edən uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin edilməsi Azərbaycan xalqının 30 il qəlbində yaşatdığı müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən ucada dayanır.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yarandığını diqqətə çatdıran A.Məmmədov ölkəmizin inkişafının keyfiyyətcə yeni mərhələyə daxil olduğunu vurğulayıb: “Dövlətimizin başçısının müvafiq sərəncamı ilə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir”.

Yaranan reallıqlara uyğun olaraq çağırışlarımızın da dəyişdiyini qeyd edən deputatın sözlərinə görə, hazırkı strateji mərhələdə biz inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliyik. Bu da öz növbəsində növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin sözlərinə görə, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra ölkəmizdə yeni dövlətçilik erası başlayacaq. 1993-cü ildən bu vaxta qədər keçirilən seçkilər məlum səbəbə – torpaqlarımızın 20 faizinin işğal altında olması və bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin salınaraq məcburi köçkün vəziyyətində yaşamasına görə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edə bilmirdi. Hətta bu fakt bir sıra beynəlxalq təşkilatların ölkəmizdə keçirilən seçkilər zamanı apardığı müşahidələrin yekununa əsasən hazırladıqları rəy və bəyanatlarda da öz əksini tapırdı.

Hüquq müdafiəçisi qırx dörd günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirlərinin ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdığını deyib. Odur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir: “Bu seçki Zəfər seçkisidir. Artıq dünya birliyi Azərbaycanı qalib ölkə kimi qəbul edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.

Ç.Qənizadə seçkini əsl mübarizə meydanı adlandırıb. “Təsəvvür edə bilmirəm ki, bütün bunlardan sonra kimsə İlham Əliyevin qarşısında prezidentliyə namizədliyini irəli sürsün. Hətta bir sıra müxalifət partiyalarının funksionerləri elə indidən İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər. Onlar da bunu dövlət başçımızın torpaqlarımızı işğaldan azad etməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə əlaqələndirirlər”.

Bu, seçki müharibədən sonrakı dövrün yeni çağırışlarına əsaslanan ciddi bir mesajdır. Aydındır ki, seçkinin favorit namizədi dövlət başçısı olacaq.

Bu seçkidə əsas məqamlar nədən ibarətdir?

Azərbaycanın bütün ərazilərini -Dağlıq Qarabağdan tutumuş Lerikə qədər əhatə edən son seçki 1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilmiş seçkilər olub. O zamandan sonra ölkəmiz bütün seçkilərə Qarabağsız gedib.

İndi Prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçiriləcək.

Burada mühüm məqam da var: Qarabağın erməni icması ilk dəfə seçkilərdə səs verəcəklər.

İlham Əliyev bu seçki ilə Ermənistanla imzalanacaq sülh sazişi üçün bir daha xalqın legitim dəstəyini alacaq. Bu, müharibədən sonra yaranmış mürəkkəb beynəlxalq vəziyyət baxımından, Azərbaycana təzyiqlər fonunda həddən artıq vacib məsələdir.

Bu seçki müharibədən sonra həm ölkədaxili, həm də xarici çağırışları yerbəyer edəcək addım ola bilər.

Vətən Müharibəsi Bakı üçün tamam yeni geopolitik vəziyyəti yaradıb. Ərazi bütövlüyü uğrunda silahlı savaşı diplomatik və siyasi savaş əvəz edib. Üstəlik Bakı dünyanın logisitika davasının vacib həlqəsinə çevrilib. Azərbaycan mühüm logistik qovşaqlara və “Gəncə qapısına” nəzarət etməklə region üçün əsas şərtləri diqtə edən tərəfdir.

Bu baxımdan xalqın səsi xarici maraqlı güclərin beynəlxalq hay-küyünü yerindəcə oturtmaq üçün vacib əhəmiyyət daşıyır.

Növbədənkənar seçki idarəetmə komandasına yeni fiqurların cəlb olunması üçün də mühüm mesajdır.

Şahmat dili ilə desək Prezident Şah gedişi edib.

Müstəqilliyimizi bərpa etdikdən sonra Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilk dəfə bütövlükdə Azərbaycan ərazisində keçiriləcək, işğaldan azad edilmiş torpaqlarımızda ilk seçki olacaq. Odur ki, bu seçki həm də, tarixi Zəfər seçkisidir.

X.SƏFƏRLİ

Yazı MEDİA-nın dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.