Dekabrın 29-da axşam saatlarında Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”nın Çeçenistanda qəzaya uğramış təyyarəsini idarə edən dispetçeri dindirib. Bu, “Terek” (indiki Axmat) klubunun keçmiş futbolçusu Əli İdrisovdur.
Azpost bildirir ki, bu barədə “VÇK-OQPU” teleqram kanalı mənbələrinə əsasən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İdrisov istintaqa deyib ki, Qroznıya PUA hücumundan və hava hücumundan müdafiə qüvvələrinin əməliyyatından xəbəri olmayıb. Sona qədər təyyarənin quş dəstəsi ilə toqquşduğunu zənn edib. Məlumatda deyilir ki, o, hava limanına PUA hucumundan da xəbərsiz olub.
İdrisovun sözlərinə görə, o,”kover” planından təxminən saat 08:21-də, yəni ekipajın təyyarədə problemin yaranması barədə məlumat verməsindən beş dəqiqə sonra xəbər tutub.
İdrisov dumanla bağlı heç bir söz deməyib.
2016-cı ildə idman karyerasını başa vurduqdan sonra 33 yaşlı Əli İdrisov əvvəl hüquqşünas, sonra isə dispetçer kimi fəaliyyət göstərib.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 35 nəfər həyatını itirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.