İran ABŞ-ın sərhəd nəzarətçilərinin Ermənistana gözlənilən səfərinə dair narahatlıq bildirməyib.
AzPost bildirir ki, APA-nın Ermənistan mediasına istinadən məlumatına görə, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib. O, ABŞ-la imzalanan Strateji Əməkdaşlıq haqqında Xartiyadan danışarkən məsələyə aydınlıq gətirib.
“Xarici işlər nazirinin müavini Vaan Kostanyan bu günlərdə Tehranda səfərdə olub. Siz bizim iranlı həmkarlarımız tərəfindən sərhəd nəzarətçilərinin gəlməsi ilə bağlı hər hansı bir narahatlıq gördünüzmü? Əksinə, yüksək əməkdaşlıq səviyyəsi yenidən sübut olunub. İranla razılığa gəlmədiyimiz heç bir məsələ yoxdur, münasibətlərimiz görünməmiş dərəcədə yüksək səviyyədədir, bunu qarşılıqlı səfərlərdən, bəyanatlardan görmək olar”, – nazir müavini qeyd edib.
Politoloq Nağı Əhmədov isə hesab edir ki, bu sənədin imzalanması ötən il aprelin 5-də ABŞ, Ermənistan və Avropa İttifaqı arasında keçirilən yüksəksəviyyəli görüşlə başlayan prosesin davamı kimi qiymətləndirilməlidir:
“Sənədin mətninə baxdıqda görürük ki, müdafiə və təhlükəsizlik sahəsindəki ikitərəfli əməkdaşlığa xüsusi bölmə həsr edilib. ABŞ Dövlət katibi Antoni Blinken də çıxışı zamanı Ermənistanın sərhəd keçid və gömrük buraxılış məntəqələrinin təhlükəsizliyi ilə bağlı məsələləri gündəmə gətirdi. Hazırda Birləşmiş Ştatlar Ermənistana bu istiqamətdə dəstək vermək niyyətindədir”.
Xatırladaq ki, ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb.
İmzalanma mərasimi Dövlət Departamentinin “YouTube” kanalında yayımlanıb.
Qeyd edək ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.