Ötən il Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 149,826 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 222,082 milyon ABŞ dolları və ya 12,8% azalıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dən yatırılan investisiyaların payı 2,1% təşkil edib.
Öz növbəsində, Azərbaycan ötən il Amerika Birləşmiş Ştatları iqtisadiyyatına 88,527 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 223,248 milyon ABŞ dolları və ya 71,6% azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 5% təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə ABŞ-dən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 171,908 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 311,775 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.