Sosial şəbəkələrdə Bank of Baku ilə bağlı daha bir narazılıq gündəmə gəlib. AzPost xəbər verir ki, Nəsir Bağırov adlı istifadəçi bankdan əldə etdiyi debet kartla bağlı yaşadığı problemləri ictimai şəkildə paylaşıb.
Onun sözlərinə görə, kartı cəmi bir aya yaxındır istifadə etməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, balansda heç bir əməliyyat aparılmadan məbləğ mənfi 0.03 manat göstərilir. İstifadəçi bildirir ki, bu vəziyyət izah olunmadan baş verir və bankdan aydın cavab almaq mümkün olmur. Şikayətdə qeyd olunur ki, Bank of Baku-nun dəstək xidməti 24 saat fəaliyyət göstərmir, müraciətlərə isə yalnız istədikləri vaxt cavab verilir.
N.Bağırovun paylaşımında vurğulanır ki, dəstək xidmətinə yazdıqda əsasən süni intellekt tərəfindən avtomatik cavablar təqdim olunur və real əməkdaşla əlaqə qurmaq çətinləşir. Onun sözlərinə görə, müəyyən çətinliklə əlaqə yaratmaq mümkün olduqda isə yalnız “sorğunuz qeydə alındı” məzmunlu mesaj göndərilir və problem həll olunmadan qalır. İstifadəçi əlavə edir ki, ilk dəfə yaşanan bu hal aradan qaldırılmadığı üçün məsələni yenidən ictimailəşdirmək qərarına gəlib.
Qeyd edək ki, son dövrlər bank kartları ilə bağlı balans, texniki çıxıntılar və müştəri dəstəyi ilə əlaqədar şikayətlər sosial şəbəkələrdə daha tez-tez paylaşılır. Bank of Baku tərəfindən isə sözügedən iddia ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
