Professor xroniki böyrək xəstəliyinin niyə təhlükəli olduğunu açıqlayıb

Xroniki böyrək xəstəliyi (XBX) müasir tibbin ən aktual problemlərindən biri olaraq qalır və dünyada əhalinin təxminən 10 faizini əhatə edir. AzPost xəbər verir ki, bu barədə Piroqov Universitetinin ümumi terapiya kafedrasının professoru, tibb elmləri doktoru Oleq Kotenko məlumat verib.

Professorun sözlərinə görə, xroniki böyrək xəstəliyinin yayılmasının artması bir neçə amillə bağlıdır. Bunlara əhalinin qocalması, şəkərli diabet və ürək-damar xəstəlikləri olan pasiyentlərin sayının çoxalması, eləcə də böyrək funksiyalarının daha geniş müayinəsi və diaqnostikanın təkmilləşdirilməsi daxildir. Bundan əlavə, tərkibində konservantlar olan qidaların həddindən artıq qəbulu və dərman vasitələrinin, xüsusilə qeyri-steroid iltihabəleyhinə preparatların nəzarətsiz istifadəsi də risk faktorları sırasında yer alır.

Mütəxəssis qeyd edib ki, xroniki böyrək xəstəliyi çox vaxt gec mərhələlərdə aşkar olunur. Bunun əsas səbəbi ilkin tibbi yardım səviyyəsində böyrək funksiyasına kifayət qədər diqqət yetirilməməsi və kütləvi skrininq proqramlarının olmamasıdır. Halbuki xəstəliyin ilkin diaqnostikası üçün qanda kreatinin səviyyəsinin ölçülməsi, sidikdə zülal analizinin aparılması və lazım gəldikdə yumaqcıq filtrasiyası sürətinin hesablanması kifayətdir.

Müalicədən danışan professor bildirib ki, xroniki böyrək xəstəliyində əsas məqsəd xəstəliyin irəliləməsinin ləngidilməsidir. Bunun üçün arterial təzyiqin nəzarətdə saxlanılması, bədən çəkisinin normallaşdırılması və dəyişdirilə bilən risk amillərinin aradan qaldırılması vacibdir. Onun sözlərinə görə, son illərdə tətbiq olunan yeni dərman preparatları ağır mərhələlərin inkişafını və böyrəyi əvəzləyən terapiyaya ehtiyacı gecikdirməyə imkan verir.

Ağır hallarda pasiyentlərə dializ tələb olunur. Professor qeyd edib ki, xroniki böyrək xəstəliyinin beşinci mərhələsində hemodializ həyati vacib prosedurdur və hazırda Rusiyanın bütün regionlarında əlçatandır. Eyni zamanda, ev şəraitində aparıla bilən peritoneal dializ üsulu da mövcuddur, lakin üstünlüklərinə baxmayaraq, bu metod ölkədə məhdud şəkildə tətbiq olunur.

Mütəxəssis vurğulayıb ki, xroniki böyrək xəstəliyinin erkən aşkarlanması üçün effektiv mexanizmlərin yaradılması və pasiyent reyestrinin formalaşdırılması xəstələrin proqnozunu və müalicəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.