Ötən il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda “Qərbi Çıraq” platformasından qazılan qaz quyusundan əldə edilən məlumatların çox böyük əhəmiyyəti olub.
AzPost-un məlumatına görə, bunu “Caspian Barel”ə açıqlamasında bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, məhz həmin quyunun qazılması nəticəsində AÇG blokundakı sərbəst təbii qaz ehtiyatlarının gələcək işlənməsi üçün bp və tərəfdaşları çox qiymətli məlumatlar əldə ediblər.
“Bu quyunun qazılması ilə hazırda istismar edilən neft laylarının altında yerləşən iki prioritet qaz layına çıxış əldə etmək mümkün olub. Bunlardan biri daha dayazda yerləşən Qırmakıüstü Qumlu lay dəstidirsə, digəri daha dərin qatlarda olan Qırmakıaltı lay dəstidir”, deyə Aslanbəyli bildirib.
Vitse-prezident vurğulayıb ki, cari ilin I yarısında sərbəst qaz ehtiyatlarının hasilatı Qırmakıaltı lay dəstindəki təbii qazın çıxarılması ilə başlayacaq. “Lakin Qırmakıaltı lay dəstindən hasilatın qısamüddətli olması planlaşdırılır və yalnız sınaq işlərinin aparılması üçün həyata keçiriləcək. Bundan sonra qaz hasilatının Qırkakıüstü Qumlu lay dəstindən həyata keçirinləsinə başlanılacaq”, deyə Aslanbəyli izah edib.
Onun sözlərinə görə, Qırkakıüstü Qumlu lay dəstindən qaz hasilatının başlanması 2026-cı ilin II yarısı üçün nəzərdə tutulub.
Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” və “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb. Bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilib. bp-nin açıqlamasına görə, STQ ehtiyatlarının 4 trilyon kub futadək (təqribən 113 mlrd kubmetr) olduğu düşünülür.
Hazırda AÇG müqaviləsi üzrə layihənin iştirakçıları bu şirkətlərdir: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), İTOCHU (3,65%), ONGCVidesh (2,92%).