Azərbaycanın daxili bazarında qaz istehlakı azalıb.
Azpost.info bildirir ki, bu barədə neft üzrə ekspert İlham Şaban paylaşımında yazıb.
Onun sözlərinə görə, SOCAR-ın ictimailəşdirdiyi məlumata görə, Azərbaycanda 2025-ci ildə qazın istehlakı 13,24 milyard kubmetr təşkil edib.
“Ölkədə təbii qaz istehlakı 2024-cü illə müqayisədə 3,1 % azalıb. Bəs niyə qaz istehlakı azalıb? SOCAR bunu istilik-elektrik stansiyalarında qazdan daha az istifadə ilə izah edib”.
Ekspert bildirib ki, əvvəllər Azərbaycanda energetik məqsədlər üçün ildə 5-5,5 mlrd kub metr qaz yandırılırdı. Ölkəmizdə “yaşıl enerji” mənbəli stansiyalardan elektrikin artması ilə (ötən il təqribən 3,67 mlrd kVt/saat) qazdan istilik-elektrik stansiyalarının istifadəsi də azalıb.
“Burda hökmən vacidbir bilək ki, “Azərenerji” ASC nə qədər qaz istehlak edib? 2024-cü illə müqayisədə nə qədər ənənəvi enerji istifarəsində qənaətə nail olub! Çox təəssüf ki, nə Azərbaycan hökuməti, nə qaz satan, nə də qaz alan (Azərenerji) bu məlumatı ictimailəşdirmir. Baxmayaraq ki, “Azərenerji” ASC ölkə daxilində illər boyu ən böyük qaz istehlakçısı statusunda çıxış edir.
Niyə hətra pozitiv xəbəri belə bölüşmürlər, izah etməkdə çətinlik çəkirəm. Amma etsəydilər, bunu eyni zamanda Avropa Komissiyasında, Avropa Parlamentində və sair Qərb qurumlarında bizim “təmiz qaz” ixracı həcmlərinə şəkk-şübhə ilə yanaşanlara tutarlı cavab vermiş olardılar”-deyə İlham Şaban bildirib.